Mayın 15-də Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məsələlərin mərkəzləşdirilmiş qaydada həlli ilə bağlı Əlaqələndirmə Qərargahının rəhbəri Samir Nuriyev ölkəmizdə səfərdə olan Belarus Respublikasının Baş nazirinin müavini İqor Petrişenko ilə görüşüb.
Pravda.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Belarus arasında münasibətlərin hazırkı vəziyyətindən məmnunluq ifadə olunub. Ölkələrimiz arasında strateji tərəfdaşlıq xarakteri daşıyan əlaqələrin formalaşmasında və inkişafında dövlətlərimizin başçılarının səmimi dostluq münasibətlərinin mühüm rol oynadığı qeyd edilib.
Həmçinin bildirilib ki, son illər ərzində iki dövlət arasında əlaqələr bir çox istiqamətlərdə, o cümlədən siyasi, iqtisadi və humanitar sahələrdə uğurla inkişaf edir, beynəlxalq və regional təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq həyata keçirilir.