Bakı Dövlət Universiteti (BDU) və Milli Depozit Mərkəzi (MDM) arasında əməkdaşlığa dair anlaşma memorandumu imzalanıb.
Pravda.az xəbər verir ki, mərasimdə çıxış edən rektor Elçin Babayev universitetin 105 illik yubileyi ərəfəsində BDU-nun ölkədaxili və beynəlxalq əlaqələrinin gücləndirilməsinin əsas prioritetlərdən biri olduğunu söyləyib. Rektor deyib: “Elmlə təhsilin qovuşduğu ali təhsil müəssisəsinin kadr hazırlığında ən böyük hərəkətverici qüvvə məhz ölkədaxili əlaqələrin düzgün qurulmasıdır. Çünki kadr hazırlığında ölkədə fəaliyyət göstərən qurumların tələb və təklifləri nəzərə alınır. Milli Depozit Mərkəzi ilə anlaşma memorandumunun da tezliklə öz bəhrəsini verəcəyinə əminəm. Artıq həmin tələb-təkliflər nəzərə alınmaqla uyğun istiqamətdə kadr hazırlığına başlamaq barədə razılaşmışıq. Bu prosesdə Mərkəzin əməkdaşları yaxından iştirak edəcəklər. Təhsilalanların Milli Depozit Mərkəzində və onunla əlaqəli qurumlarda təcrübə keçməsinin də böyük əhəmiyyəti var”.
MDM-in İdarə Heyətinin sədri Ağahüseyn Xudaverdiyev isə bildirib ki, Azərbaycanda fond və maliyyə bazarının inkişafı Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Bu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. BDU-nun Azərbaycan ali təhsilinin flaqmanı olduğunu qeyd edən Ağahüseyn Xudaverdiyev Mərkəzin əməkdaşlarının 20 faizinin universitetin məzunları olduğunu diqqətə çatdırıb: “İmzalanan memorandum iki qurum arasında əməkdaşlığın genişlənməsinə, maliyyə bazarının yüksəkixtisaslı kadrlarla təmin olunmasına böyük töhfə olacaq”.