Moskva prokurorları azərbaycanlı biznesmen Araz Ağalarovun koronaviruslu xəstələr üçün qurduğu xəstəxanada dərman çatışmazlığı və əmək qaydalarının pozulması üzrə təhqiqata başlayıb. Həmin pozuntular haqda "Azadlıq" radiosunun "Nastoyaşeye Vremya" televiziyası xəbər yaymışdı.
Moskva regionunun prokurorluğu bildirib ki, xəstəxananı idarə edənlərin hərəkətləri dəyərləndiriləcək və buna hüquqi qiymət veriləcək. Müvəqqəti xəstəxana Moskva yaxınlığındakı Krasnoqorskda Ağalarovun “Krokus Expo” sərgi kompleksində quraşdırılıb.
Bu yaxınlarda “Nastoyaşeye Vremya” “Scanner project” təhqiqat layihəsi ilə birlikdə apardığı araşdırmanın nəticələrini dərc edib. Araşdırma Ağalarovun xəstəxana quraşdırmaqdan ötrü 2 milyard rubl (28 milyon dollar) dəyərində dövlət kontraktlarını tendersiz əldə etdiyini üzə çıxarıb.