Mayın 9-da Şuşaya ilk köçənlər arasında şəhərin 1991-ci ildə güllələnmiş icra başçısı Mikayıl Gözəlovun qızı Səbinə Gözəlova da var. O, Şuşa şəhər 1 nömrəli məktəbin direktorudur, bu vəzifəyə ötən il təyin olunub. Səbinə xanıma Şuşadakı evinin açarını Prezident İlham Əliyev şəhərin sakinləri ilə görüşü zamanı şəxsən təqdim edib. AzVision.az-ın əməkdaşı doğma evinə yenicə qayıdan Səbina Gözəlova ilə söhbətləşib.
- 32 ildən sonra beş yaşımda qoyub çıxdığım şəhərdəyəm. Təəssüratımı olduğu kimi ifadə etmək çətindir. Bu hisslər çox müqəddəsdir, alidir. Həqiqətən, qürurluyuq. Allah canından keçən şəhidlərə rəhmət etsin, Ali Baş Komandanımızı qorusun!
Şuşa şəhər 1 nömrəli məktəbin direktoru olduğum üçün köçdən əvvəl də Şuşaya gəlib-gedirdim. İndi hər səhərimi burada, öz evimdə açmağın həzzini yaşayıram.
- İşğaldan öncə Şuşada nə zaman olmusunuz?
- Atam 1991-ci ildə iş otağında ermənilərin sui-qəsdi nəticəsində qətlə yetirilmişdi. Həmin hadisədən sonra Şuşanı tərk etməli olduq. Hər kəs deyirdi ki, “Mikayıl Gözəlov yoxdursa, Şuşa da əldən gedəcək”.
Mikayıl Gözəlov Şuşanın tikinti-quruculuq və abadlıq işlərində yaxından iştirak edib. Daha sonra icra başçısı olduğu dövrdə düşmənlərə qarşı Şuşanı müdafiə edib. Öz şəxsi hesabına silah-sursat gətirib, daim mübarizə aparıb. Sonda isə öz canını Şuşaya qurban verib. İndi həmin qəhrəmanın övladı kimi öz doğma Şuşamıza qayıtmışam. Biz oradan ayrılanda mənim beş yaşım var idi, indi 37 yaşımda doğma torpağıma qayıdıram.