Dələduzluq, vəzifəli şəxsin səlahiyyətini mənimsəmə və digər cinayətlərdə ittiham olunan Azərbaycan Milli Elmlər Akademiyasının Həmkarlar İttifaqının sədr müavini 64 yaşlı Raya Nəcəfovanın cinayət işi üzrə məhkəmə prosesi başlayıb. Raya Nəcəfovanın cinayət işinə Yasamal Rayon Məhkəməsində hakim Rauf Daşdəmirovun sədrliyi ilə baxılır.
İttihama görə, cinayət işi üzrə Aynur Niftəliyeva, Natəvan Allahverdiyeva, Arzu Fəttahova, Əmin Hacıməmmədov, Ceyran İsayeva, Tural Yusifov, Gülər Musayeva, Sevinc Qayıbova, Pərvanə Nəcəfova, Lətafət Qurbanova və Vəli Səfərov zərərçəkmiş qismində tanınıblar.
İstintaq sənədlərində qeyd olunub ki, Raya Nəcəfova zərərçəkmişləri Mədəniyyət Nazirliyi, Elmlər Akademiyası, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Müdafiə Sənayesi Nazirliyi və digər dövlət qurumlarına işə düzəltmək adı ilə aldadıb, onların pullarını ələ keçirib.
Qeyd edək ki, Raya Nəcəfova həm də Neft-Kimya Prosesləri İnstitutunda baş elmi işçidir. Onun barəsində olan cinayət işinin istintaqı Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində aparılıb.
İstintaq orqanı tərəfindən Raya Nəcəfovanın barəsində Cinayət Məcəlləsinin 178.2.2 (təkrar dələduzluq törətmək) və 178.2.3 (qulluq mövqeyindən istifadə etməklə dələduzluq törətmək), 310-cu (vəzifəli şəxsin səlahiyyətlərini mənimsəmə) maddələri ilə ittiham elan edilib.
İş üzrə ifadə verən Raya Nəcəfova özünü təqsirli bilməyib. O, heç kimdən işə düzəltmək adı ilə pul almadığını deyib.
Zərərçəkən Aynur Niftəliyeva bildirib ki, ona ya Qaçqınlar və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində, ya da Elmlər Akademiyasında yüksəkmaaşlı iş vədi verilib. Onun sözlərinə görə, bu işin alınması üçün ondan 42 500 manat alınıb.