Bərbərlik qədim və hörmətli peşələrdəndir. Xarici görünüşə diqqət yetirmək bütün dövrlərdə insanlar üçün önəmli olduğundan bu peşəyə də həmişə hörmətlə yanaşılıb. Bu sənət ellinizmin əsəridir. Bərbərliyi ticarətə çevirənlər isə siciliyalılar olublar. Bərbərlər tarix boyu dəllək, dişçəkən, sınıqçı, qançıxaran olublar.
Qədim Romada qladiatorlar döyüş vaxtı yaralandıqda həkimlər onlara baxmaqdan üz döndərərdilər. Bu zaman ara həkimi hesab edilən dəlləklər onların müalicəsini boyunlarına götürürdülər. Bərbərliyi istifadə etdiyi texnologiya ilə mükəmməlləşdirənlər müsəlmanlar olublar. Çünki orta əsr dövrünün müsəlman kişiləri, xüsusilə də imkanlı gəncləri hər gün bərbərə müraciət edir, vaxtlarının çoxunu saqqalarına xüsusi şəkil və forma vermək üçün sərf edərdilər.
Müsəlman saç və geyim dəbi o qədər sürətlə yayılıb ki, xristianların bu dəbə aludə olmamaları üçün Roma papalarının xüsusi fərmanları var idi. Ancaq o zamanlar bu fərmanlar elə də işə yaramırdı. Tarixdə saqqalı qadağan edən sərkərdələr də az olmayıb. I Pyotr öz hakimiyyəti dövründə bığ-saqqal üçün xüsusi vergi təyin edib. Hətta bunun üçün kişilərə üzərində “bığ vergisi ödənib” sözləri yazılmış kağız da verilirdi.