“Möhkəm təməllərə söykənən Azərbaycanla Belarus arasında olan münasibətlər dostluq və etibarlı tərəfdaşlıq prinsipləri üzərində bərqərar olub. Demək olar ki, bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi, elm, təhsil, mədəni və digər sahələrdə qarşılıqlı faydalı əməkdaşlıq daim yüksələn xətlə inkişaf edib. Həmçinin qarşılıqlı anlaşma, yüksək səviyyəli dialoq və səmimi dostluq ölkələrimiz arasında münasibətləri strateji tərəfdaşlıq səviyyəsinə yüksəldib. Həqiqətən də, bu gün Azərbaycanla Belarus bir-birinə güvənən, beynəlxalq arenada qarşılıqlı dəstək göstərən dost ölkələrdir. Dövlətimizin başçısı cənab İlham Əliyev və Belarus Prezidenti cənab Aleksandr Lukaşenkonun iki ölkə arasında əlaqələrin inkişafına xüsusi önəm verməsi, sözsüz ki, münasibətlərin bu mərhələyə qalxmasında əhəmiyyətli rola malik olub. Hər iki lider arasındakı səmimi dostluğu da qeyd etmək istərdim ki, məhz bu da əlaqələrimizin inkişafına geniş zəmin yaradıb”.
Bu fikirləri Pravda.az-a açıqlamasında Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev deyib.
Onun sözlərinə görə, ölkələrimiz arasında mövcud əməkdaşlığı tənzimləyən xeyli sayda sənədlər imzalanıb: “Habelə əlaqələrimizin möhkəmlənməsi istiqamətində məhsuldar iş aparan Azərbaycan Respublikası ilə Belarus Respublikası arasında ticarət-iqtisadi əməkdaşlıq üzrə birgə hökumətlərarası komissiyanın da fəaliyyəti xüsusi qeyd olunmalıdır. Ticari-iqtisadi əlaqələrdə hər zaman müsbət dinamika olub. Ölkəmizdən Belarusa spirtli və spirtsiz içkilər, meyvə və giləmeyvə konservləri, təzə meyvə-tərəvəz, qoz, fındıq, meyvə şirələri, polimer xammalı və digər mallar ixrac olunur. Belarusdan isə Azərbaycana kənd təsərrüfatı texnika və avadanlıqları, meşə sənayesi məhsulları, transformatorlar, elektrik naqillər, dərmanlar, kənd təsərrüfatı məhsulları idxal edilir. Hökumətlərarası Komissiyanın davamlı olaraq keçirilən iclasları, aparılan faydalı fikir və təcrübə mübadilələri əməkdaşlığın genişlənməsinə təkan verir”.