Artıq neçə müddətdir ki, köhnə, ekoloji cəhətdən zərərli sayılan avtomobillərə sahib olanlar səksəkədədirlər. Kimisi avtomobillərinin məcburi şəkildə əlindən alınacağını düşünür, kimisi icbari utilizasiyadan danışır. "Kasıbın maşını olmayacaq" deyənlər də az deyil.
Ötən həftə isə mətbuatda köhnə nəqliyyat vasitələrinin dövriyyələrinin məhdudlaşdırılması üçün təkliflərin hazırlanacağı ilə bağlı xəbərlər yayılıb. Belə ki, təkliflər Azərbaycanda istismarı ekoloji cəhətdən zərərli sayılan fiziki və mənəvi cəhətdən köhnəlmiş nəqliyyat vasitələrinin ətraf mühitə təsirinin qiymətləndirilməsi, onlardan istifadənin və dövriyyələrinin məhdudlaşdırılması məqsədi daşıyacaq. Layihə Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyasının ekoloji təmiz və təhlükəsiz nəqliyyat vasitələrinin dövriyyəsinin stimullaşdırılması və infrastrukturunun təkmilləşdirilməsi üzrə 2024-cü il üçün Yol Xəritəsində əksini tapıb.
Maraqlıdır, təkliflər necə hazırlanacaq? Köhnə avtomobil sahiblərinə güzəştlər nəzərdə tutulacaqmı? Yoxsa, həqiqətən kasıbın avtomobili olmayacaq?
"Kaspi" qəzeti mövzu ilə bağlı məqalə dərc edib.
"Vətəndaşın marağı nəzərə alınmalıdır"
Yol-nəqliyyat infrastrukturu üzrə ekspert Yasin Mustafayev bildirib ki, hazırda könüllü şəkildə köhnə nəqliyyat vasitələrinin utilizasiya prosesinə start verilib:
"Yəni, kim istəsə, işlək, yararsız, yaxud qəzalı vəziyyətdə olan nəqliyyat vasitəsini təhvil verə biləcək və ödənişini alacaq. Qiymətlər isə standartdır. Hazırda ölkəyə gətirilən yeni və texniki baxışdan keçən nəqliyyat vasitələrindən əlavə rüsumlar alınır və fond formalaşır. Bir müddət sonra isə utilizasiya prosesi başlayacaq".
Mütəxəssis qeyd edib ki, atılan hər addımda vətəndaşın marağı təmin edilməli, proses vətəndaşın xeyrinə olmalıdır:
"Bu gün, xüsusilə bölgələrdə, kəndlərdə yaşayan vətəndaşlar 70-80-ci illərin istehsalı olan nəqliyyat vasitələrindən istifadə edirlər. Hansı ki, bu avtomobillər kənd təsərrüfatı işlərində istifadə olunur, vətəndaşın işinə yarayır. Köhnə olsa da, kəndlinin əlindən tutur. Fikrimcə, ilkin mərhələdə bu avtomobillərin utilizasiyası başlayacaq. Düzdür, bu avtomobillər ekoloji cəhətdən zərərli olduğu üçün dövriyyədən tamamilə çıxarılmalıdır, amma bunun üçün vətəndaşa sərfəli təklif verilməlidir. Ən azından, hazırda istifadə etdiyi nəqliyyat vasitələrinin səviyyəsinə nisbətən uyğun nəqliyyat vasitəsi verib, əlindəkini almaq olar. Yaxud yeni bir nəqliyyat vasitəsi ala bilmək üçün ona müəyyən qədər vəsait verilməlidir. Utilizasiya üçün nəzərdə tutulan 2 500 manat vətəndaşa sərf etmir. Çünki o, həmin qiymətə avtomobil ala bilməz. Ona görə də bu problemin həlli ilə bağlı proqram qəbul edilməlidir, təkliflərdə nəzərə alınmalıdır".
"Müvafiq icra mexanizmi hazırlanacaq"
O bildirib ki, proqramda nəqliyyat vasitəsinin işləkliyi, yaxud tam yararsızlığı nəzərə alınıb, ona uyğun vəsait ödənilməlidir: