Tərtərin icra başçısı Müstəqim Məmmədovun hakim Yeni Azərbaycan Partiyasının (YAP) yerli təşkilatının köhnə qərargahını özəlləşdirdirərək villaya çevirməsi barədə məlumat vermişdik.
Pravda.az-ın xəbərinə görə, həmin binada əvvəllər əmanət bankı yerləşib. Sonradan bina YAP-ın Tərtər təşkilatına verilib. Təşkilat üçün yeni qərargah tikildikdən sonra Müstəqim Məmmədov köhnə binanı ələ keçirib.
Bu, hakim partiyanın yerli təşkilatlarının köhnə qərargahlarının ələ keçirilməsi ilə bağlı yeganə fakt deyil.
YAP-ın Siyasi Şurasının üzvü, keçmiş icra başçısı Musa Musayev bildirib ki, YAP-n Binəqədi, Yasamal, Xətai və Nərimanov təşkilatlarının da köhnə qərargahları zəbt edilib. “Bakının Binəqədi, Nərimanov, Yasamal və Xətai rayonlarında YAP-ın keçmiş binaları da özəlləşdirilib və kimlər tərəfindənsə zəbt olunub. YAP-ın Nəzarət Təftiş Komissiyası ilə birgə YAP-ın Siyasi Şurası tərəfindən komissiya yaradılmalı və bu məsələlər araşdırılmalıdır”, - deyə o vurğulayıb.