Müdafiə Nazirliyinin mənimsəməyə görə tutulmuş Maliyyə və Büdcə İdarəsinin sabiq rəisi general-mayor Nizami Məmmədov, Hərbi Hava Qüvvələrinin Maliyyə Xidmətinin sabiq rəisi polkovnik Cəlal Kazımov, Quru Qoşunların Maliyyə İdarəsinin rəisi Bayram Bayramov və Hərbi Dəniz Qüvvəllərinin Maliyyə Xidmətinin sabiq rəisi Vüsal Əlizadənin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə keçirilən prosesdə şahid qismində dindirilən Müdafiə Nazirliyinin tabeçiliyində olan Maştağadakı hərbi kənd təsərrüfatı müəssisəsinin rəisi işləmiş Zahir Tahirov bildirib ki, təqsirləndirilən şəxslərdən heç kimi tanımır, Nizami Məmmədovun adını eşidib:
“İşlədiyim dövrdə Nizami müəllimlə heç bir əlaqəm olmayıb, sadəcə, onun idarəsinin mühasibi Akif Umudovla işləmişəm. Bizim müəssisə hərbi hissələrə tərəvəz və çörək verirdi. Köçürmələrdə gecikməyə görə pul köçürüləndən sonra Akif Umudovla görüşüb pul verirdim”.
Zahir Tağıyev Nizami Məmmədova pul vermədiyini, ittiham aktında səhv getdiyini deyib: “Mən qazancın 3 faizini Akif Umudova, 3 faizini isə Satınalmalar və təchizat idarəsinin həbsdə olan sabiq rəisləri Məlikməmməd Qurbanov və Mahir Şirvanova göndərirdim. Akif Umudovla aramızda Nizami Məmmədovla bağlı söhbətimiz olmayıb”.
Zahir Tağıyev isə sənədləri Akif Umudova verdiyini, Satınalmalar və təchizat idarəsi ilə isə müqavilə bağladığını deyib: “44 günlük müharibə gedən vaxtı hərbi hissələri ərzaqla təmin eləmişəm. Hətta hərbi hissələrə 30-40 min manatlıq humanitar yardım göndərmişəm. Belə ki, məndən qabaq bir neçə şirkət tərəvəz verməkdən imtina elədi, çatdıra bilmirdilər. Mənim şirkətlərim isə tələbatı çatdırırdılar”.
Bundan sonra ifadə verən Rəhim Laçınov bildirib ki, Müdafiə Nazirliyinin Mənzil istismar idarəsində Təmir şöbəsinin müdiri işləyib, hazırda təqaüddədir. O, əsasən şirkətlər tərəfindən işlədiyi idarəyə göndərilən faizlərə nəzarət etdiyini və həmçinin həmin pulları lazımi şəxslərə çatdırdığını deyib: “Hərbi hissələrin təmir işlərinin demək olar hamısını şirkətlər görürdü. İşləri əksər hallarda tenderə çıxarırdıq. Kim qalib gəlirdisə, onlarla da işləyirdik. Şirkətlərlə danışıqları Fikrət müəllim aparırdı. Şirkət rəhbərinə ümumi bir rəqəm deyilirdi. Onlarda həmin məbləğləri mənim vasitəmlə Fikrət müəllimə çatdırırdılar. Sənədləşmə prosesində Təmir bölməsinin müfəttişləri iştirak edirdilər, sonda isə həmin sənədləri imzalayırdılar”.
Daha sonra Rəhim Laçınovun ibtidai istintaq zamanı verdiyi ifadəsindən bir hissə elan edilib. Həmin ifadədən məlum olur ki, tenderdə qalıb gələn şirkətlərlə danışıqlar olduqdan sonra qalan məbləğin “otkat” hissəsi idarəyə qayıdıb: “Bu qaydanı Baş Qərargah rəisi Nəcməddin Sadıkov bir tələb kimi qoymuşdu. Biz də bilirdik ki, pullar şirkətlərin hesabına köçürüldükdən sonra “otkat” şəkilində geri qaytarılmasını Nəciməddin Sadıkov tərəfindən tələb olunub.
Fikrət Mirzəyev ifadə verənə kimi təxmini bu qərardan məlumatım var idi. Bəzi şirkətlər var idi ki, Nəcməddin Sadıkovun yaxınlarına məxsus idi. Misal üçün, “İmpuls” MMC, “Mark LTD” və digərləri. Nəcməddin Sadıkov bu şirkətləri Fikrət Mirzəyevə tapşırmışdı. Fikrət müəllim də mənə bildirmişdi ki, bu şirkətlərin işlərinə qarışmayaq. Yəni onlardan “otkat” alınmırdı”.
Rəhim Laçınova ibtidai istintaqda verdiyi ifadəsi xatırlandıqdan sonra Nəcməddin Sadıkovun adını çəkməsinə belə aydınlıq gətirib: “Mən tender komissiyasının 5 üzvündən biri olmuşam. Mənə heç bir məbləğ verilmirdi, ƏDV-dən kənar görülən işlərin 15 faizi Nəcməddin Sadıkova, 3 faizi isə Maliyyə İdarəsinə verilirdi. Mən görməmişəm ki, Fikrət Mirzəyev aparıb Maliyyə idarəsinə pul versin, ancaq deyirdi verirəm. Onun ifadəsi əsasında mən də ibtidai istintaqda ifadə vermişəm”.