Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 21-də İran İslam Respublikasının ölkəmizdəki səfirliyində olub, İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisinin, xarici işlər naziri Hüseyn Əmir Abdullahiyanın və digər müşayiət edən şəxslərin helikopter qəzasında faciəli surətdə həlak olmaları ilə əlaqədar başsağlığı verib.
Pravda.az xəbər verir ki, İran İslam Respublikasının ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Seyid Cəfər Ağayi dövlətimizin başçısını qarşıladı.
Azərbaycan Prezidenti matəm kitabına ürək sözlərini yazdı.
Sonra səfirliyin müvəqqəti işlər vəkili ilə söhbət edən Prezident İlham Əliyev dedi:
- İran İslam Respublikasının Prezidenti cənab Seyid İbrahim Rəisinin faciəli şəkildə həlak olması bizim hamımızı dərindən sarsıtdı. Onunla bərabər xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan və digər şəxslər faciəli şəkildə həlak olublar. Allah onlara rəhmət eləsin. İran xalqının başı sağ olsun. Bu, böyük itkidir. Bu itki təkcə İran xalqına, dövlətinə üz verməyib, bütün müsəlman aləminə üz verib.
Seyid İbrahim Rəisi böyük dövlət xadimi idi, görkəmli siyasətçi və İran xalqının etibarını qazanmış böyük şəxsiyyət idi. Onunla çoxsaylı görüşlərim hər zaman məndə çox böyük təəssürat izi buraxırdı. Onunla son görüşüm isə tarixi bir görüş idi. Həm o, həm də mən bu görüşü məhz tarixi görüş adlandırmışdıq. Dövlət sərhədində böyük infrastruktur layihəsinin açılışında birgə iştirakımız İran-Azərbaycan əlaqələrinin nə qədər möhkəm olmasından xəbər verirdi, həm xalqlarımıza, həm bütün dünyaya çox açıq mesaj idi ki, biz dostuq, qardaşıq, biz bundan sonra da birlikdə olacağıq. Açılış mərasimindən sonra həm mərhum Prezident Rəisinin, həm də mənim rəsmi açıqlamalarımız çox ciddi siyasi məna daşıyırdı. Hər iki Prezident açıq bəyan etmişdi ki, bu bölgənin gələcək inkişafında bölgədə yerləşən ölkələr fəal iştirak etməlidirlər.
Faciənin baş verməsi, əlbəttə ki, böyük dərddir, həm onun yaxınlarına, həm onu tanıyanlara. Amma təsəlli verən odur ki, o, öz həyatını İran xalqının inkişafına həsr etmişdir. İran dövlətinin milli maraqlarının müdafiə edilməsində onun xüsusi rolu var idi. Həm Prezident vəzifəsində çalışdığı zaman, həm ondan əvvəlki dövrlərdə o, İran xalqının rifahını yaxşılaşdırmağa çalışırdı və milli maraqların müdafiəsində onun böyük rolu olmuşdur.