Ermənistan parlamentinin iclasında sərhədin Qazax-Tavuş istiqamətində demarkasiyası ilə bağlı qarşıdurma baş verib. Pravda.az Publika.az-a istinadla xəbər verir ki, “Ermənistan” fraksiyasından olan deputat Artsvik Minasyan spiker Alen Simonyan başda olmaqla hakim fraksiyasının deputatlarını yalan danışmaqda ittiham edib.
Minasyan Simonyana xitabən, “siz “sərhədin bərpası” ifadəsini işlədirsiniz, zəhmət olmasa, izah edin: Ermənistanın hansısa qanununda “sərhədin bərpası” anlayışı varmı? Nə edirsən, götürüb təhvil verirsən. Niyə? Çünki kreslonu düşünürsən. Kreslondan yapışsan da, bir gün çıxarıla bilərsən. Onda kreslo qarışıq səni kənara atacaqlar, yerinə “milli kreslo” qoyulacaq”.
“Ermənistan” fraksiyasının digər deputatı Aqvan Vardanyan iddia edib ki, Azərbaycanın tələblərini nə qədər yerinə yetirsələr, bir o qədər hörmətsizliyə məruz qalacaqlar: “Əliyev “Noldu, Paşinyan” deyirdi. Yenə eyni münasibət görəcəksiniz”.
Hakim fraksiyadan olan vitse-spiker Ruben Rubinyan isə “Hərəkata müqəddəs adı verilib, müqəddəs hərəkatın lideri, övliya, onun sağ əlini öpəcəksiniz, elə deyilmi?” deyərək, erməni keşiş Baqratın rəhbərlik etdiyi müxalifətə lağ edib.