Azərbaycan qadın şahmat millisinin üzvü Zeynəb Məmmədyarova qardaşı, kişi şahmat yığmamızın üzvü Şəhriyar Məmmədyarovun "qadınlar hər sahədə kişilərdən geridədirlər" fikrinə münasibət bildirib. "Qafqazinfo"ya açıqlama verən Zeynəb Məmmədyarova qardaşı ilə razılaşdığını bildirib. O qeyd edib ki, istənilən sahədə güclü kişilər güclü qadınlardan daha çoxdur:
"Mən Şəhriyarın fikirləri ilə razıyam. Hər insanın düşüncəsi, fikri, məqsədi fərqlidir və ümumi deyilən sözü hər kəs başqa cür yozur. Sadəcə Şəhriyar o fikirləri elə deyə bilərdi ki, xanımlarımız inciməsinlər. Düşünürəm ki, kişilərin uğurlarının arxasında xarakteri güclü olan qadınlar dayanırlar. Əgər kişinin fikrini tamamlayan qadınlar olmasa, onlar da ideal nəticələr göstərə bilməzlər. Şəhriyarla niyə eyni düşüncədə olduğuma aydınlıq gətirim. Belə ki, uğurlarımızda atamın rolu böyük olub, onun düşüncələri önəmli yerə sahibdir. Onun qurduğu planlar, cızdığı yol bizə təsir edib. Amma atam bunları qətiyyən təkbaşına həyata keçirə bilməzdi. Onun fikirlərini diqqətlə, hörmətlə, qayğıyla dəstəkləyən anam olub. Əgər anamın fikri başqa cür olsaydı, atamın dedikləri ilə razılaşmasaydı, desəydi ki, gəl uşaqları başqa sahəyə yönləndirək, narazılıq olsaydı, hər gün valideynlərimiz arasında fikir ayrılığı olsaydı, ikisi də bizi şahmatda dəstəkləməsəydi, belə nəticələr olmazdı.
Biz həyatda mübarizə aparmışıq, şahmatda yaxşı olmaq üçün saatlarla məşq etmişik. Bizim başımızın üstündə rəhbər olaraq atam dayanıb, anam isə ona dəstək olub. Məsələn, anamız qoymazdı ki, atamdan icazəsiz nəsə edək. Heç vaxt belə bir şey olmayıb. Atamla anam işlərini elə qurublar ki, nəticədə biz də düzgün yolda olmuşuq. Əgər biz məşqlərdən yorulanda anamıza deyib həyətə düşsəydik, filmə baxsaydıq, uğurumuz da olmazdı. Uğur qazanmaq üçün valideynlərim sərt üzlərini göstərə bilib. Düşünürəm ki, atamın uğurları bizlərik, Şəhriyardır və bizik. Şəhriyar böyük hörmətə sahibdir, bir çox ölkələrdə tanınır.