Müdafiə Nazirliyinin (MN) tabeliyindəki Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzinin Maliyyə Xidmətinin sabiq rəisi, polkovnik-leytenant Rəşad Məlikzadənin cinayət işi üzrə məhkəmə prosesi keçirilib. "Report" xəbər verir ki, müdafiə tərəfi vəsatət verərək bildirib ki, istintaq dövründə dəymiş ziyandan 160 min manat ödənilib. Nardaranda Ləhic bağları adlanan yerdə onun həyat yoldaşına məxsus kottec tipli beş bağ evinə istintaq dövründə həbs qoyulub və onların dəyəri real qiymətindən aşağı, yəni 684 min manat göstərilib.
"Rəşad Məlikzadə həbs olunmamışdan əvvəl Dövlət Təhlükəsizliyi Xidməti dəymiş ziyanın ödənilməsi üçün xəbərdarlıq edib. Ziyanı ödəmək üçün kotteclər satışa çıxarılıb və 40 min manat da beh alınıb. Həmin obyektləri 800 min manata satacaqdılar. O vaxt kottecləri alan şəxs Rusiyada olub. Ona görə satış edə bilməyiblər. Məhkəmədən xahiş edirik ki, həmin obyektlər üzərindən həbs götürülsün ki, sataraq dəymiş ziyanı ödəsinlər", - müdafiə tərəfi bildirib.
Təqsirləndirilən şəxsin vəkili məhkəmədən xahiş edib ki, qeyd olunan faktlara görə R.Məlikzadə barəsində yüngülləşdirici qərarlar qəbul olunsun.