Bakının Bilgəh qəsəbəsində keçmiş deputat Hacı Qalib Salahzadəyə məxsus olan və Xəzər sahilində yerləşən villanın qapısı daşla hörülüb. Bu barədə Qaynarinfo-ya daxil olan məlumatda iddia edilir ki, keçmiş deputata məxsus villanın qapısının daşla hörülməsi Sabunçu Rayon İcra Hakimiyyətinin başçısı Adil Vəliyevin göstərişi ilə həyata keçirilib. İddialara görə, bir neçə gün əvvəl Sabunçu Rayon Mənzil-Kommunal Təsərrüfat Birliyinin (MKTB) əməkdaşları əraziyə gələrək baxış keçirib. Daha sonra əraziyə bir maşın daş gətirilib və Hacı Qalib Salahzadənin villasının qapısı hörülüb.
Qaynarinfo məlumatı dəqiqləşdirmək, eyni zamanda olayın səbəbini öyrənmək üçün keçmiş deputatla əlaqə saxlayıb. Hacı Qalib Salahzadə isə baş verənlər barədə danışmaq istəmədiyini deyib: “Mən bu barədə heç nə danışmaq istəmirəm”.
Bu açıqlamasından 1 sutka sonra isə Hacı Qalib Salahzadə Musavat.com-a baş verənlərdən danışıb.
Deyib ki, vaxtilə onun 500 min manata aldığı bağ torpaq sahəsini əhatələyən hasar dağıdılıb:
“Axşamdan icra başçısı Adil Vəliyev şəxsən əraziyə gəldi, dedi ki, bu dəqiqə buranı sökürəm. Hazırda da bağımı sökürlər, orada traktorlar işləyir. Prezident Administrasiyasının yüksək rütbəli məmurlarının adlarını çəkir, onların göstərişi ilə bağımı sökdüyünü deyir. Mənə də deyir ki, sənin üstündən maşınla keçərəm. Nə məhkəmə, nə qərar? Qışqıra-qışqıra mənə deyir ki, bu işləri mənə görməyi Samir Nuriyevlə Zeynal Nağdəliyev tapşırıb. Vasif Talıbovla qonşusan, qurtardı getdi. Mənim özümü də provokasiyaya çəkirlər ki, bir iş açsınlar”.