Azərbaycan mətbuatının tanınmış simalarından olan respublikamızın əməkdar jurnalisti, Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin üzvü Bəbir Hüseynov 91 yaşında vəfat edib.
Bu barədə Mətbuat Şurasının yaydığı nekroloqda qeyd olunub.
“Mərhumun doğmalarına və əzizlərinə, sənət dostlarına dərin hüznlə başsağlığı veririk. Bəbir Hüseynovun vəfatından kədərləndiyimizi bildirir, bir daha mərhumun doğmalarına, əzizlərinə və həmkarlarına dərin hüznlə başsağlığı verir, onların üzüntülərini bölüşürük”, - nekroloqda deyilir.
Qeyd edək ki, Hüseynov Bəbir Qüdrət oğlu 1932-ci ildə Ağdam rayonunda dünyaya gəlib. Bakı Dövlət Universitetinin Tarix fakültəsinin məzunu olmuş Bəbir Hüseynov 1979-cu ildən “Ağdam” qəzetinin redaktoru kimi çalışıb. 1990-cı ildə nəşrin “Lenin yolu” adının dəyişdirilib özünə qaytarılması naminə böyük əmək sərf edib. Bu, sabiq SSRİ-nin mövcud olduğu dövrdə cəsarətli mövqe nümayişi idi.
