Mayın 23-də Türkiyənin paytaxtı Ankara şəhərində Türkiyə Barolar Birliyinin (TBB) və Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının (ARVK) birgə təşkilatçılığı ilə Türk dünyası Vəkillər kollegiyalarının zirvə görüşü keçirilib.
Toplantıda Türkiyə və Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Şimali Kipr Türk Cümhuriyyətinin Vəkillər kollegiyalarının rəhbərliyi və nümayəndə heyətləri iştirak edib.
Görüşün məqsədi Türk dünyası Vəkillər kollegiyalarının rəhbərləri arasında fikir mübadiləsi aparmaq və mümkün əməkdaşlığın qiymətləndirilməsi, onun qurulması yollarının müzakirə edilməsindən ibarət olub.
Mərasimdən əvvəl nümayəndə heyətləri Türkiyə Respublikasının banisi Mustafa Kamal Atatürkün dəfn olunduğu məqbərəni - Anıtqəbiri ziyarət ediblər, məzarı önünə əklil qoyublar. Türk dünyasının böyük oğlunun əziz xatirəsi yad olunub.
Sonra toplantı öz işinə başlayıb, tədbiri giriş sözü ilə açan TBB-nin başqanı Erinç Sağkan qonaqları salamlayaraq görüşün əhəmiyyəti barədə məlumat verib, qanunun aliliyinin təmin edilməsinə, vətəndaşların hüquqlarının qorunmasına mühüm töhfə verən hüquq sahəsində sıx dialoqun əhəmiyyətini qeyd edib.
ARVK-nın sədri Anar Bağırov çıxış edərək iştirakçıları salamlayıb, görüşün işinə uğurlar arzulayıb, Türk dünyası Vəkillər kollegiyalarının vəkilləri arasında sıx əməkdaşlığın, təcrübə mübadiləsinin, vəkillər üçün beynəlxalq təlimlərin, konfransların keçirilməsinin vacibliyini vurğulayıb.