Mayın 26-da "Ramil Səfərov işi" ilə bağlı Avropa İnsan Haqları Məhkəməsi qərarını elan edib. Qərara Azərbaycandan reaksiyalar birmənalı olmayıb. Məhkəmənin qərarına münasibət bildirən Milli Məclisin deputatları son zamanlarda ermənilərin informasiya müharibəsində daha da aktivləşdiyini qeyd ediblər.
Səməd Seyidov: “Yalan, böhtan və həqiqəti əks etdirməyən məsələləri dünyaya çatdırırlar”
Parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov qeyd edib ki, erməni təxribatçıları bu və ya digər məsələlərlə bağlı yalan, böhtan və həqiqəti əks etdirməyən məsələləri dünyaya çatdırırlar: “Əsas hədəf hər zaman olduğu kimi Azərbaycan cəmiyyətini qıcıqlandırmaq, qeyri-düzgün fikir formalaşdırmaqdır. Bu informasiya müharibəsidir. Hesab edirəm ki, erməni informasiya vasitələrində qeyd edilmiş fikirləri, məlumatları şərh etmək qətiyyən düzgün deyil. İndiki məqamda həmin məlumatların içərisində artıq düzgün olmayan, Ermənistanın məqsədlərinə xidmət edən məqamlar mövcuddur. Daha yaxşı mənbədən məlumatları dəqiqləşdirib, şərh etmək yaxşı olardı. Ramil Səfərovla bağlı məqamları emənilərin yaydığı təxribat xarakterli məlumatlardan deyil, Avropa İnsan Haqları Məhkəməsinin qəbul etdiyi sənədlərdən götürüb, təhlil etmək, Azərbaycan ictimaiyyətinə düzgün məlumat çatdırmaq vacibdir. Məhkəmənin mətbuat üçün yayımlanan press-relizində rədd olunmuş və xüsusi ayrıca fikir kimi ümumi qəbul olunmuş qərara portuqaliyalı hakimin mövqeyini diqqətlə oxusanız, görərsiniz ki, Ermənistan iddia etdiyi əsas məsələlər Avropa İnsan Haqları Məhkəməsi tərəfindən tamamilə rədd edilib. Hesab edirəm ki, bu Azərbaycanın xarici siyasətinin nəticəsidir”.Modern.az