Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin mayın 25-də imzaladığı “Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında” sərəncamın icrasına başlanılıb.
Əfv olunanlar arasında sabiq səfir Elmira Axundovanın yaxını olan Elnur İbrahimov yoxdur. Qaçaq sabiq səfir Elmira Axundovanın yaxını olan Elnur İbrahimov külli miqdarda dələduzluq cinayətində təqsirli bilinərək 9 il müddətinə azadlıqdan mərhum edilib. Həbsinə qədər Elnur İbrahimova Elmira Axundovanın oğlu Həbib Axundov həbsə düşəcəyi halda əfvlə azadlığa çıxaracağı vədini vermişdi.
Bu vəd Elnur İbrahimova nəyin qarşılığında vermişdi?
2013-cü ildə Elmira Axundovanın oğlu Həbib Axundov anasının xeyir-duası və birbaşa iştirakı ilə iş qurmaq adı ilə vətəndaşlardan pul toplayıb. Bu işdə Elnur İbrahimov Həbib Axundovun göstərişlərinin icraçısı rolunda olub. Vətəndaşlara Elmira Axundova və oğlu bildiriblər ki, onlardan aldıqları pullarla Dubaydan Azərbaycana dəftərxana malları gətirib müxtəlif dövlət qurumlarına satacaqlar. Və əldə edilən gəlirdən biznes ortaqlarına şirkətə qoyduqları pullara görə dividend veriləcək. 2-3 aylıq dividend verilişi sonradan dayandırılıb.
Məlum olub ki, Elmira Axundovanın oğlunun göstərişlərini yerinə yetirən Elnur İbrahimov Dubaydan heç bir dəftərxana malları gətirmir. Bu sadəcə çoxlu pul toplamaq üçün uydurulmuş bir əfsanə olub, faktiki olaraq biznes olmayıb. Şirkətdən dividend olaraq verilən pullar da elə bu adla vətəndaşlardan toplanılan vəsaitlərdən verilib. İş üzrə aldadılan şəxslər bu məsələdən agah olandan sonra hüquq mühafizə orqanına müraciət etmək qərarına gəliblər. Bu zaman məsələyə deputat Elmira Axundova qarışıb. 2013-cü ilin avqustun 5-də Elnur İbrahimov Həbib Axundovun müşayəti ilə Qəbələyə Elmira Axundovanın yanına aparılıb.
Həmin gün orada yerləşən "Qafqaz resort” oteldə düzənlənən tədbirə qatılan Elmira Axundova Elnur İbrahimovla görüşüb. Bundan sonra aldadılan şəxslərə o zaman deputat olan Elmira Axundova vəd edib ki, hər kəsin pulları geri qaytarılacaq, sadəcə bəzi dəqiqləşdirilmələr aparılmalıdır. 5 gün sonra – avqustun 9-da isə Elnur İbrahimov ölkədən qaçırılıb. Gürcüstana gedən Elnur İbrahimov oradan Rusiyaya qaçıb. Bu qaçışdan sonra zərərçəkənlər hüquq mühafizə orqanına üz tutmaqla Həbib Axundovun ailəvi dostu Elnur İbrahimovun saxlanılaraq istintaqa cəlb edilməsi üçün hərəkətə keçiblər. Lakin 3 ildən bir qədər artıq müddətdə Elnur İbrahimovun yerini müəyyən etmək mümkün olmayıb.
Azərbaycan polisinin Rusiyadan olan həmkarlarına Elnur İbrahimovun saxlanılması üçün müraciətləri müəmmalı şəkildə təmin olunmayıb. Elnur İbrahimovun Rusiya ərazisinə keçirilməsi haqda sorğulara cavab olaraq bildirilib ki, Elnur İbrahimov Rusiya ərazisinə keçməyib. Gürcüstan hüquq-mühafizə orqanlarından isə qeydiyyat sənədlərinə əsasən belə cavab verilib ki, Elnur İbrahimov Gürcüstandan Rusiyaya keçib. İş üzrə zərərçəkənlər yorulmadan hüquq-mühafizə orqanlarına müraciət etdikləri bir vaxtda Elmira Axundova və oğlu Həbib Axundova onlara qarşı məhkəmələrdə iddialar qaldırıb, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə zərərçəkənlərin hər birini 10 min manat cərimə belə etdiriblər.
Elnur İbrahimovun Həbib Axundov, onun anası Elmira Axundova ilə çox yaxşı münasibətləri olub.
Ailənin bütün tədbirlərində Elnur İbrahimov məclisin yuxarı başına keçirilib, Elmira Axundova hələ deputat olduğu zamanlarda onun iştirakı ilə rəqs etməyi xüsusi olaraq xoşlayıb. Bunu sübut edən video da var. Həbib Axundovun psevdo-biznesin labüd çöküşündən sonra Elmira Axundovanın məsələyə qarışması da təsadüfi deyil. Həbib Axundov Elnur İbrahimovun ölkədən qaçırılmasından 1 il sonra zərərçəkən kimi tanınmaq üçün müraciət edib.
Bu günə qədər bu ləngimənin izahı yoxdur. 2016-cı ildə Elnur İbrahimov həbs edilib ölkəyə gətiriləndən sonra üzərində məhkəmə qurulsa da, yenə də onun ölkədən qaçırılması məsələsi araşdırılmayıb. Rusiya hüquq mühafizə orqanlarından onunla bağlı məlumatların 3 ildən artıq gizlədilməsini kimin xahiş etməsi də bilinmir. Bu haqda yalnız əsaslı ehtimallar var.
Cinayət işində qaçaq səfir Elmira Axundovanın, oğlu Həbib Axundovun səs yazıları, Elnur İbrahimovun boynuna yüklənən psevdobiznesdən günaşırı gəlir əldə etmələri barədə təkzibedilməz sübutlar - SMS yazışmaları var.
Bu baxımdan zərərçəkənlərin pullarını Elmira Axundovadan, onun oğlu Həbib Axundovdan tələb etməsi də təsadüfi olmayıb. Məhz bu tələblərdən sonra ortaya "günah keçisi" Elnur İbrahimov atılıb. 2013-cü ildə Həbib Axundov zərərçəkənlərin gözü qarşısında hələ Elnur İbrahimov həbsə alınmazdan əvvəl ona cinayəti boynuna götürməyin qarşılığında aylıq 500 manat boyun olub, özünü isə o zaman Əfv Komissiyasının üzvü olan anası Elmira Axundovanın köməyi ilə cəzadan vaxtından əvvəl azad edəcəyi vədini verib.