Məzmuna keç
Pravda.az — xəbər portalı
Siyasət

"Heydər Əliyevə qarşı sui-qəsd planının xəbərini bizə verən şəxsi İsgəndər Həmidov güllələtdirdi"

16 863
Paylaş:
"Heydər Əliyevə qarşı sui-qəsd planının xəbərini bizə verən şəxsi İsgəndər Həmidov güllələtdirdi"

Azərbaycan xalqı Müstəqillik Gününü qeyd edir. 1918-ci ildə yaradılan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. 1991-ci ildə ikinci dəfə müstəqilliyimizi əldə etsək də, onu əbədi itirmək təhlükəsi qarşısında qalmışdıq. Məhz Ulu Öndərimiz Heydər Əliyev müstəqilliyimizi qoruyub saxladı, onu əbədi və dönməz etdi.  Ümummilli Liderimiz müstəqil Azərbaycanın qurulmasına 1990-cı ildə Naxçıvandan başlamışdı. Onun Naxçıvanda işləyib hazırladığı tarixi qərarlar müstəqilliyə aparan ilk addımlar idi.

O dövrün canlı şahidi, Ulu Öndərimizin silahdaşlarından olan Nizami Nadirxanlı ilə dahi şəxsiyyətin doğum günü ərəfəsində görüşmüşdük. Hazırda Mərkəzi Seçki Komissiyasının üzvü olan Nizami Nadirxanlı 1990-cı illərin əvvəllərində Naxçıvan Ali Məclisinin şöbə müdiri, muxtar respublikanın ədliyyə naziri vəzifələrində çalışıb. Onunla iş otağında görüşdük, Ulu Öndərimizin Naxçıvanda fəaliyyət göstərdiyi dövrdən danışdıq. Nizami Nadirxanlı dedi ki, bugünkü müstəqilliyimizin təməlini Heydər Əliyev Naxçıvanda qoyub. Ümumilli Liderimiz müstəqil Azərbaycanın banisidir. Razılaşdıq ki, müsahibəni məhz 28 May Müstəqillik Günündə yayımlayaq.

- Nizami müəllim, bu gün dahi şəxsiyyətin Naxçıvanda fəaliyyət göstərdiyi dövrdən danışacağıq. Əvvəlcə Ulu Öndərlə ilk tanışlığınız barədə məlumat verməyinizi xahiş edirəm. Ümummilli Liderimizlə ilk görüşünüzü necə xatırlayırsınız?

-Mən ötən əsrin 70-ci illərinin kadrıyam. Görkəmli dövlət xadimi Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişindən sonra imkansız ailələrin övladlarının da ali təhsil almasına şərait yaradıldı. Mən kasıb bir ailənin övladı idim. Ən böyük arzum hüquqşünas olmaq idi. Həmin dövrdə Hüquq fakültəsində vəzifəli şəxslərin, imkanlı ailələrin övladları təhsil alırdılar. 1969-cu ilə qədər bizim sənədlərimizi Hüquq fakültəsinə qəbul etmirdilər. 1970-ci ildə mən sənədlərimi təqdim etdim və Hüquq fakültəsinə qəbul olundum. Universiteti bitirdikdən sonra tədricən vəzifə pillələrində yüksəldim. Bu, həmin dövrdə Azərbaycana rəhbərlik edən Heydər Əliyevin hər kəsə bərabər imkan yaradılması istiqamətində apardığı işin nəticəsi idi. Bütün bunlara görə, mən özümü Heydər Əliyev qarşısında mənəvi borclu hiss edirdim. Ulu Öndərimiz 1990-cı ildə Naxçıvana qayıdanda Onunla görüşmək bir azərbaycanlı kimi mənim mənəvi borcum idi. Əvvəlcə ümumi görüşümüz oldu. Naxçıvanlılar Heydər Əliyevi qarşılamağa toplaşmışdılar. Sonra evlərinə getdim və ən böyük arzum - dahi şəxsiyyətlə görüşmək istəyim gerçəkləşdi. Onunla görüşmək böyük xoşbəxtlik idi. Həmin vaxt Heydər Əliyev hələ heç deputat da seçilməmişdi. O dövrdə çətin vəziyyətdə olan Naxçıvan əhalisi Ulu Öndərimizə yeganə ümid yeri kimi baxırdı.

- Ulu Öndərimizin Naxçıvandakı fəaliyyəti barədə çox kitablar yazılıb, filmlər çəkilib. Azərbaycan xalqı Ümummilli Liderimizin siyasi fəaliyyəti ilə bağlı kifayət qədər məlumatlıdır. İstəyirəm, bu gün çoxlarının bilmədiyi, sizin şahidi olduğunuz hadisələrdən danışaq.

-Heydər Əliyevin Naxçıvanda Azərbaycanın gələcəyi naminə həyata keçirdiyi tədbirlər ölkə rəhbərliyini narahat edirdi. Ulu Öndərimizin İrana və Türkiyəyə səfərlərindən sonra onlar daha da aqressivləşmişdi. 1992-ci il dekabrın 31-ə qədər Onu vəzifədən uzaqlaşdırmağı planlaşdırmışdılar. O dövrdə Azərbaycanın daxili işlər naziri olan İsgəndər Həmidov qanunsuz şəkildə Naxçıvanın daxili işlər nazirini dəyişdirmək istəyirdi. Mən o zaman Naxçıvanın Daxili İşlər Nazirliyində çalışırdım. Biz ayağa qalxdıq və buna qəti şəkildə öz etirazımızı bildirdik.

- İsgəndər Həmidov kimi nazir təyin etmək istəyirdi?

- O vaxt muxtar respublika prokurorluğuna Xalq Cəbhəsindən təyinat olmuşdu. İsgəndər Həmidov da Siyavuş Mustafayevi daxili işlər naziri təyin etmişdi. Biz ona idman müəllimi deyiridik. Siyavuş Mustafayev İdman Komitəsinin sədri vəzifəsində çalışırdı. O, heç vaxt hüquq-mühafizə orqanlarında işləməmişdi, bu sahədən xəbəri yox idi. Bu hadisədən sonra mən “Polis İşçilərinin Şərəf və Ləyaqətinin Müdafiəsi Komitəsi” adlı ictimai qurum yaratdım. Biz deyirdik ki, bu məsələ Ali Məclisin səlahiyyətindədir. Heydər Əliyev kimi məsləhət görürsə, daxili işlər naziri o şəxs ola bilər.

- Siyavuş Mustafayevi nazir kürsüsünə oturda bilməyən cəbhəçilər Naxçıvanda dövlət çevirilişinə cəhd etmişdilər…

- Bəli. Onlar Heydər Əliyevi devirmək istəyirdilər. Əvvəlcə Daxili İşlər Nazirliyinə girdilər. Məni kabinetimdə 3 saat yarım saxladılar. Sonra məni buraxdılar, təcili Ali Məclisə getdim. Gördüm ki, Ali Məclisin qarşısında xeyli silahlı adamlar var. Ali Məclis Sədrinin qəbul otağına getdim. O vaxta qədər Naxçıvan televiziyasının tutulduğunu bilmirdim. Ulu Öndərimiz mənə dedi ki, təcili televiziyanı azad edin, ancaq elə edin ki, qan tökülməsin. Biz kütlə ilə televiziyaya getdik. Fərəc Quliyev, Naxçıvan teleradiosunun Fəridə adlı sədr müavini, İlqar Səidoğlu televiziya vasitəsilə çevriliş olduğunu, Heydər Əliyevin devrildiyini elan etmək istəyirdilər. Biz onlara imkan vermədik, televiziyanı azad etdik. Sonra Ali Məclisə qayıtdım. Orada öyrəndik ki, Daxili İşlər Nazirliyi də azad edilib. Bu hadisədən sonra növbədənkənar sessiya, müşavirə oldu. Biz çıxışlarımızda dövlət çevrilişinə cəhdin yolverilməz olduğunu, Naxçıvan əhalisinin Heydər Əliyevin yanında olduğunu bir daha bəyan etdik.

1992-ci il oktyabrın 24-də dövlət çevirilişinə cəhddən sonra noyabrın 5-də AXC ilə Müsavatın birgə qurultayı oldu. O vaxt bizə verilən məlumata görə, qurultayda cəbhəçilər sərt tənqid olunub. Bildiriblər ki, cəbhəçilər möhkəm olsaydı, Heydər Əliyevi devirə bilərdilər. Qurultaydan sonra bir qrup şəxs gizli görüş keçirmiş, məxfi qərar qəbul etmişdi. Bu qərar Heydər Əliyevi dekabrın 31-dək fiziki cəhətdən aradan götürməklə bağlı idi. Bu məlumatı öyrəndikdən sonra bir qrup orqan işçisi və digər şəxslərlə Ulu Öndərimizin mühafizəsi üçün hərəkətə keçdik. Professor Əjdər İsmayılov, Cahangir Qulamovla birlikdə hər gün yığışır, mühafizəni necə təşkil edəcəyimizi planlaşdırırdıq.

-Sizin bu planlarınızdan Heydər Əliyevin məlumatı var idimi?

-Biz bu işi tamamilə məxfi formada həyata keçirirdik. Heydər Əliyevə bu barədə məlumat verməmişdik.

-Bəs onların sui-qəsd planını necə həyata keçirəcəyini öyrənmişdinizmi?

-Sui-qəsdi 3 nəfərin həyata keçirməsi planlaşdırılmışdı. Onlardan biri Əbülfəz Elçibəyin universitetdə çalışan qohumu idi. Digərləri isə “Ağ ayı” deyilən Fəxrəddin, bir də Siyavuş Mustafayevin mühafizəçisi idi. “Təbriz” mehmanxanasının 13-cü mərtəbəsindən Ulu Öndərimizin yaşadığı binanın bloku görünürdü. Ora dağılmışdı, bir giriş qapısı var idi. Oradan snayperlə Heydər Əliyevi vurmağı planlaşdırmışdılar. Həmin məlumatı bizə verən şəxsi sonra İsgəndər Həmidov Bakıda oteldə öldürtdürdü. Sahib Mirzəyev Naxçıvan Şəhər Polis Şöbəsinin rəisi idi. Biz onun maşını ilə Heydər Əliyevin arxasınca hərəkət edir, onu qoruyurduq. Təhlükəli vəziyyət yaranmışdı. Ancaq biz bu planın qarşısını aldıq. Məqsədləri o idi ki, Heydər Əliyevi aradan götürsünlər, cəbhəçi deputatlardan biri Ali Məclisin sədri olsun.

Ulu Öndərimiz Azərbaycan Ali Sovetinin sədri seçildikdən sonra həmin üçlük Azərbaycan televiziyasının həyətində sui-qəsdi həyata keçirmək istədi, ancaq tutuldular.

- Yəqin ki, Ulu Öndər Heydər Əliyevə sədaqətinizə, bu xidmətlərinizə görə, o dövrdə sizə ciddi təzyiqlər olub.

- Dövlət çevrilişinə cəhdin qarşısının alınmasından sonra məni və Namiq Həsənovu (Namiq Həsovov 1994-1995-ci illərdə Naxçıvan Ali Məclisinin sədri olub – red.) daxili işlər orqanlarından xaric etdilər. Tahir Allahyarov nazir, Siyavuş Mustafayev isə nazir müavini idi. O zaman Ulu Öndər məni qəbula çağırdı, vəziyyəti öyrəndi. Bir həftə sonra mən yenə Ümummilli Liderimizin qəbulunda oldum. Rəhmətlik Namiq Həsənovu və məni Ali Məclisin şöbə müdiri təyin etdi.

Həmin dövrdə mən Yeni Azərbaycan Partiyasının ilk təşkilatlarının yaradılması prosesində də iştirak edirdim. Yaxşı xatırlayıram. 1993-cü ilin yanvar ayının 23-də Yeni Azərbaycan Partiyasının Şərur rayon təşkilatının təsis konfranı keçirildi. Çoxlu qar yağmışdı. Maşınlarla Şərura gedirdik. Yolda Ulu Öndərimiz maşını saxladıb avtomobildən düşdü. İnsanlar ağacları kəsirdi. Adamlar bizim yaxınlaşdığımızı görüb qaçdılar. Biz onların yanına çatanda gördülər ki, Heydər Əliyevdir, geri qayıtdılar. Heydər Əliyev dedi ki, bu ağacları kəsəndə elə bil mənim qollarımı kəsirsiniz. Bir qadın ağlaya-ağlaya uşaqlarının soyuqdan xəstələndiyini bildirdi. Heydər Əliyev dedi: “Kəsin, amma söz verin ki, hər birinin yerinə yazda 3 ağac əkəcəksiniz”.

- Siz Ulu Öndərimizlə Naxçıvan Ali Məclisində birlikdə çalışmısınız. Ondan əvvəlki dövrdə də çoxlu görüşləriniz olub. Ümummilli Liderimiz həmin dövrdə çox çətin şəraitdə həm Naxçıvanı qoruyur, həm də müstəqil Azərbaycan dövlətini yaradırdı. O günləri necə xatırlayırsınız?

- Həmin dövrdə Azərbaycanda hakimiyyətdə olanlar pul, vəzifə üçün çalışırdı, Heydər Əliyev isə gecə-gündüz Naxçıvanın qorunması uğrunda mübarizə aparırdı. Naxçıvan əhalisi çox çətin şəraitdə yaşayırdı. Çörək, işıq, qaz yox idi. Ulu Öndərimiz iş otağında gecə səhərə qədər işləyirdi. Türkiyə və İranla əlaqələr yaradır, əhalini çətin vəziyyətdən çıxarmağa çalışırdı. Dünyanın müxtəlif yerlərindən onunla görüşmək üçün gəlirdilər. O dövrdə Naxçıvan şəhəri Azərbaycanın paytaxtına, siyasi mərkəzə çevrilmişdi.

- Prezident İlham Əliyevin təbirincə desək, “Naxçıvanlılar Heydər Əliyevi qorudular, Heydər Əliyev isə Naxçıvanı qorudu”.

- Heydər Əliyevin Azərbaycan xalqı qarşısında böyük xidmətləri olmuşdu. O, Sovet Azərbaycanına rəhbərlik etdiyi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsində çalışdığı dövrdə Naxçıvanın inkişafı üçün böyük işlər görmüşdü. Heç bir vəzifə tutmasaydı belə, naxçıvanlılar onu ömrünün sonuna qədər qoruyacaqdılar. Ancaq bu nəhəng siyasi xadimin təcrübəsindən istifadə etmək lazım idi. Naxçıvanlılar əvvəlcə onu millət vəkili, sonra təkidli tələblə Ali Məclisin sədri seçdilər. Naxçıvan əhalisi məhz Ulu Öndərimizin ətrafında sıx birləşərək bölgəni tərk etmədi. Həmin dövrdə Türkiyənin Baş naziri Süleyman Dəmirəlin Naxçıvana səfəri, Qars müqaviləsinin aktuallaşdırılması muxtar respublikanın işğal təhlükəsindən qorunmasında mühüm rol oynadı. Beləliklə, Heydər Əliyev Naxçıvanı qorudu. O, Naxçıvandan başlatdığı qurtuluş mübarizəsini xalqın təkidli tələbi ilə siyasi hakimiyyətə qayıdaraq bütün ölkədə davam etdirdi, müstəqilliyimizi qoruyub saxlayaraq möhkəmləndirdi.

Ulu Öndərimiz ötən əsrin 90-cı illərində naxçıvanlıların fədakarlığını, xidmətlərini hər zaman yüksək qiymətləndirirdi. Ümummilli Liderimiz 1993-cü ilədək Naxçıvanda yaşadığı günləri heç vaxt unutmayacağını deyirdi. 2002-ci ildə Naxçıvana səfəri zamanı çıxışında səsləndirdiyi fikirləri xatırlatmaq istəyirəm: “Mənim həyatımın müxtəlif səhifələri, çox şanlı-şöhrətli, eyni zamanda çox əzab-əziyyətli səhifələri var. Bunların hər biri mənim üçün əzizdir. Ancaq 1990-1993-cü illərdə sizinlə bərabər blokada şəraitində, ağır vəziyyətdə, çətin vəziyyətdə yaşadığım günlər mənim üçün ən əziz günlərdir və onları heç vaxt unutmayacağam”.

Ulu Öndərimiz deyirdi ki, Naxçıvan camaatı Ona böyük hörmət, qayğı, məhəbbət göstərib, ən ağır anlarda Onun dayağı olub, arxasında durubdur, onunla bir yerdə olubdur. Ona görə də biz işləmişik, mübarizə aparmışıq, qalib gəlmişik.

Heydər Əliyev Prezident seçildikdən sonra andiçmə mərasiminə Naxçıvandan bir heyət getmişdi. Mən də o heyətin tərkibində idim. Adiçmə mərasimindən sonra Naxçıvandan gedən heyətlə ayrıca görüşdü. Cəhridən bir yaşlı qadın var idi. O, ayaqyalın Naxçıvan şəhərinə gəlir, meydanlarda Heydər Əliyevi dəstəkləyirdi. Ulu Öndərimiz o qədər həssas idi ki, həmin qadını andiçmə mərasiminə dəvət etmişdi. Həmin görüşdə Naxçıvanın problemlərini müzakirə etdik. Hər birimizi bir-bir dinlədi, sonra həmin problemlərin hamısı həll edildi.

Heydər Əliyev hakimiyyət gəlməsə idi, bu gün dünyada Azərbaycan adlı dövlət olmayacaqdı. Ulu Öndərimizin qurduğu müstəqil Azərbaycanı Onun yolunun layiqli davamçısı Prezident İlham Əliyev qüdrətli bir dövlətə çevirdi. Heydər Əliyevin ruhi şaddır. Möhtərəm Prezidentimiz Ulu Öndərimizin arzularını reallığa çevirib. Bu gün Azərbaycan xalqı suverenliyi və ərazi bütövlüyü tam təmin olunmuş, dünyada söz sahibə çevrilən ölkədə yaşamaqdan qürur duyur.

Tural Səfərov

TNS.AZ

Paylaş:

Ən son xəbərlər