BURADA REKLAMINIZ OLA
BİLƏR

Afaq Bəşirqızı: “Milli Məclisdə yalnız incilər oturmalıdır”

“Məmurlar, Milli Məclis üzvləri bilməlidirlər ki, oturduqları kreslo onlara bağışlanmayıb”.

 

Pravda.az-ın xəbərinə görə, bu sözləri Xalq artisti Afaq Bəşirqızı deyib.

 

A. Bəşirqızı bildirib ki, onlar orada oturub, xalqın qeydinə qalmalı, xalqın müqəddəratını həll edib, qayğısını çəkməlidirlər: “Lakin bunun belə olmadığı son günlərdə öz əksini tapdı. Hazırda bir aktrisa kimi mənim səlahiyyətim parlamentdəki deputatlarınkından çoxdur. Çünki aktrisa, aktyor öz sənəti ilə problemləri, məsələləri cəmiyyətə, dünyaya daha tez çatdırır.

 

Xalq artisti qeyd edib ki, hazırda bütün iqtisadçılar içərisində ən güclü iqtisadçı kimi Vahid Əhmədovu tanıyır: “Deputatların da içərisində sənət adamları arasında olduğu kimi istedadlıları, sayılan-seçilənləri azdır. İstedad, vergi hər adama verilmir. Cilalanmış inci hər zaman seçilir. Ona görə də Milli Məclisdə yalnız incilər oturmalıdır. Həmçinin, xalqa yaxın olan, xalqın bilavasitə kədərini, sevincini özününkü kimi bilənlər orada təmsil olunmalıdır. Çünki vəziyyət 20 il bundan əvvəlki kimi deyil. Ona görə də yaşından asılı olmayaraq hər kəs xalqa əlini uzatmağa borcludur”.

 

Yaşlıların vəzifədən getməsi ilə bağlı da məsələyə gəldikdə isə A. Bəşirqızının sözlərinə görə, onlar təcrübə mənbəyidir, ağsaqqaldır: “Yaşlı nəslə hər zaman hörmətlə, qayğı ilə yanaşmaq lazımdır. Yaşlılar və uşaqlar hər bir evin bir növ çırağıdır, onlara barmaq arası baxmaq olmaz. Onu da vurğulayım ki, aktyorun bilik dairəsi, dünya görüşü hətta iki institut bitirən ziyalılardan da fərqli olur. Bizdə həm savad, həm də təcrübə var. Təsəvvür edin ki, həftədə 1000-1500 nəfərlə ünsiyyətdə olmaq, onlara tamaşa göstərmək, onları qane etmək, alqış qazanmaq, bunların hamısı özü böyük bir təcrübədir. Ona görə də bir daha qeyd edirəm ki, bir-iki nəfərə görə hamıya eyni qiymət vermək olmaz. Aktyor sənəti çox şərəfli sənətdir. Bu sənətin sənətkarı isə çox ağıllı, bilikli, xalqı öz arxasınca apara bilən, xalqa öz sözünü deyib, “hə”sini ala bilən şəxslərdir”.Musavat.com

Tarix: 4 Dekabr 2019, 22:10   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin