Bir müddət əvvəl Avropada yaşayan siyasi fəal Surxan Lətifov belə bir status paylaşıb.
“Deməli, Almaniya prokurorluğu konkret faktlar əsasında Almaniyada olan azərbaycanlı blogerlərə qarşı araşdırma başlayıb. Məsələ bundadır ki, həmin blogerlər müxtəlif dövrlərdə şantaj yolu ilə azərbaycanlı məmurlardan 500 min avro pul alıblar. Pul vermə prosesi isə Azərbaycan DTX tərəfindən sübutlarla rəsmiləşdirilib Almaniya prokurorluğuna verilib. ...İndi prokurorluğa çağırılıb bir-bir ifadə verirlər. Daha çox hansısa Tural Sadıqlı adlı blogerin adı hallanır”.

Surxan Lətifovun bu açıqlamasından bir neçə gün sonra isə hazırda Almaniyada yaşayan azərbaycanlı jurnalist Əfqan Muxtarlı facebook sosial şəbəkəsində status yazıb. O, konkret sübut olmadığını qeyd edərək, ad çəkmək istəməyib, lakin xaricdə yaşayan azərbaycanlı blogerlərin Azərbaycan məmurlarını şantaj edərək pul alması barədə məlumatlar eşitdiyini və Almaniya prokurorluğuna sorğu göndərdiyini yazıb.
“Azərbaycan hakimiyyəti Avropda olan bəzi blogerlərin şantaj yolu ilə məmurlardan pul aldıqları barədə sübutları Almaniya və digər ölkələrin prokurorluqlarına təqdim edib. Hətta deyilənə görə bir bloger şantaj yolu ilə 270 min avro alıb. Əlimdə konkret sənədlər olmadığı üçün ad çəkə bilmirəm. Amma Almaniya prokurorluğuna göndərilən sorğuma cavab gələn kimi dərc edəcəm. Bax, şantaj etmək yalnız səhv deyil, həm də cinayətdir. Xüsüsən Avropada bunu bağışlamırlar. Həm də inanmıram ki, Almaniya bazarlığa gedə, Azərbaycan höküməti iddiadan geri çəkilsə, almanlar işi bağlaya. Bağlamazlar” deyə, Muxtarlı qeyd edib.
_1716972236.jpeg)
Tural Sadıqlı isə sahibi olduğu youtube kanalında bu iddiaları yalan adlandırıb, əksinə ona qarşı belə iddia səsləndirənlərin “Azərbaycan hakimiyyəti tərəfindən Avropa yerləşdirildiklərini” qeyd edib.
Əfqan Muxtarlı növbəti statusunda Tural Sadıqlının öz statusuna istinad edərək, onu Azərbaycanın hakimiyyət nümayəndələri ilə işbirliyində ittiham edib.
Qeyd edək ki, sosial şəbəkə platformlarında Azərbaycan hakimiyyəti ilə bağlı sərt və ağır təhqirlərdən ibarət ritorikadan istifadə edən Tural Sadıqlı bu günlərdə xarici medianın “azərbaycanlı blogerlərdən istifadə etdiyini” əsas gətirərək, onlarla əməkdaşlıqdan artıq imtina etdiyini qeyd edən status yazıb.
“Mənim xaricdə belə etirazım varsa, düşünürəm ki, bu etirazı öz dilimizdə, öz hakimiyyət nümayəndəmizə etməliyəm və edirəm. Baxmayaraq ki, alman, ingilis, rus, ərəb dillərində danışıram və bunu etməyə imkanlarım da var. Əvvəllər bunu etmişəm. Lakin düşünürəm ki, səhv etmişəm” deyə, Tural Sadıqlı qeyd edib.
Əfqan Muxtarlı isə qeyd edib ki, Tural Sadıqlının bu ritorika dəyişikliyi Almaniya prokurorluğunun “bildiyi söhbətlərlə” bağlıdır: “İndi Alman prokurorluğu da bilir söhbəti. Və alman prokurorluğu çox söhbətləri bildiyi üçün Tural problemləri "öz hakimiyyətimizin nümayəndəsi ilə etməliyəm və edirəm" deyir”.
Tural Sadıqlı isə ikinci video müraciətində onunla bağlı Azərbaycanda axtarış elan edilməsi səbəbindən Almaniyada 2015-2016-cı illərdə “mühacir statusunun ləğv edilərək Azərbaycana təhvil vermə” ilə bağlı məhkəmə prosesləri keçirildiyini xatırladıb. Lakin həmin vaxt məhkəmə onun mühacir statusunun davam etməsinə qərar verib.
Əfqan Muxtarlının Almaniya prokurorluğuna sorğu göndərməklə bağlı anonsu Tural Sadıqlı tərəfindən “donosbazlıq” (!) kimi qiymətləndirilib. O, eyni zamanda Azərbaycana qaytarılması məsələsində Müsavat başqanı İsa Qəmbərin və AXCP sədri Əli Kəriminin də maraqlı olduğunu bildirib.
Əfqan Muxtarlı isə bir daha Almaniya prokurorluğuna sorğu göndərdiyini yazıb və bəzi faktlar açıqlayıb: “Bəli, Almaniya prokurorluğuna sorgu göndərərək, Azərbaycandan olan blogerlərə cinayət işinin açılması barədə mətbuatda gedən məlumatlara, eyni zamanda cinayət işi üzrə ifadə verən adamların açıqlamalarına rəsmi şəkildə münasibət bildirmələrini istəmişəm. Tural, bu sorğu səni niyə narahat edir? Burda söhbət məsələyə aydınlıq gətirməkdən gedir, hər hansı məlumat verməkdən yox. Şəxsən mən Turala qarşı cinayət işinin qaldırıldığını deməmişəm. Çünki məndə məlumat olsa da rəsmi sənəd yoxdur. Və rəsmi sənəd olmasa kimsənin də adını çəkən deyiləm. Mən Tural deyiləm ki, faktsız adamlar barədə danışım, yazım. Hələ onu demirəm ki, istintaqdan qacıb gedənlər var. Almaniyada qala bilmirlər, Bakıya dönmək üçün də razılıq vermirlər”.
Əfqan Muxtarlının sərt ifadələrlə yazdığı statusundan görünən odur ki, “müxalifətçi bloger adı ilə kimisə şantaj edib pul alanlar”, məmurlardan faktları gizlətmək müqabilində pul alanlar, “Azərbaycanda məmurların etdiyi özbaşnalıqlar barədə faktları blogerə verən vətəndaşın adını 5-10 min avroya görə” həmin məmurlara deyənlər olub.
“Mən Turalın məlum statusuna görə tənqid etmişəm. Onun pul alıb almaması ilə bağlı heç nə deməmişəm” deyə, Muxtarlı yazıb.
_1716972253.jpeg)
