2021-ci ildə Ağcabədi rayonunda 18 yaşlı qızı zorla qaçıran 6 nəfərin məhkəməsi nəhayət başa çatıb. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə 2000-ci il təvəllüdlü Ramin Allahverdiyev, atası 1968-ci il təvəllüdlü Çərkəz Allahverdiyev, dayısı Ruhid Zeynalov, əmisi oğlu Mütalib Allahverdiyev, əmisi qızı Nərgiz Allahverdiyeva və əmisi oğlunun arvadı Pərvanə Qarayevaya hökm oxunub.
Bildirilib ki, Ramin Allahverdiyev uzaq qohumu olan 2003-cü il təvəllüdlü Röya Tağıyevaya (ad və soyad şərtidir) elçi göndərib. Ailələr ilkin olaraq izdivaca razılaşsa da, sonradan Röyanın ailəsi onların nişanlanmasına qarşı çıxıb və qarşı tərəfə rədd cavabı verilib. Bundan sonra Ramin atası Çərkəz və digər qohumları ilə Röyanı qaçırmaq məqsədilə plan hazırlayıb. Röya Raminin əmisi qızı Nərgiz və digər qohumu ilə bulağa su gətirməyə gedərkən onlar “Vaz” markalı avtomobillə hücum edərək gənc qızı zorla qaçırıblar. Daha sonra Ramin qızı apardığı ünvanda zorlayıb.