Talassemiyalı uşaqlar üçün toplanmış bir milyonluq vəsaiti dələduzluq yolu ilə ələ keçirməkdə təqsirləndirilən şirkət sahibi Nuridə Seyidova və digər iki nəfər – Aynur Bayramova və Aysel Məmmədovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə zərərçəkənlər digər müttəhim Aysel Məmmədovanın barəsində də həbs qətimkan tədbiri seçilməsi ilə bağlı vəsatət qaldırıblar, vəsatət təmin olunub.
Zərərçəkən Tural Nəsimiyev deyib ki, təqsirləndirilən şəxslər ona maddi və mənəvi ziyan vurublar, ona görə də o, Aysel Məmmədovanın barəsində də həbs qətimkan tədbiri seçilməsini istəyir.
"İstintaq dövründə onun barəsində həbs qətimkan tədbiri seçilmişdi. O, məhkəmədə vəd verdi ki, dəyən ziyanı ödəyəcək. Ona görə də, Aysel Məmmədova ev dustaqlığına buraxılmışdı. Lakin daha sonra o, verdiyi vədi yerinə yetirmədi, təqsirləndirilən şəxsin məhkəmə zalından həbs olunmasını istəyirəm", - zərərçəkən deyib.
T.Nəsimiyevin sözlərinə görə, ona 59 min manat ziyan dəyib. Həmin puldan 10 min manatını Aysel Məmmədova, yeddi min manata yaxınını isə Nuridə Seyidova ödəyib. Ona dəyən ziyandan 43 min manatı hələ də ödənilməyib.
Digər zərərçəkən Ramin Dadaşov qeyd edib ki, ona 36 min manat ziyan dəyib. Ona dəyən ziyan ödənilmədiyi üçün Aysel Məmmədovanın barəsində olan qətimkan tədbirinin dəyişdirilməsini istəyir.