"Sənədlər və tarixi faktlar onu göstərir ki, Məhəmməd Əmin Rəsulzadə heç vaxt almanlarla əməkdaşlıq etməyib".
Azərbaycan Xalq Cümhuriyyəti və mühacirət tarixinin araşdırmaçısı, görkəmli diplomat Ramiz Abutalıbovun müsahibəsi:
Ramiz müəllim, biz sizinlə Şərqdə ilk demokratik Respublikanın, Azərbaycan Xalq Cumhuriyyətinin yaranmasının 102-ci ildönümü ərəfəsində görüşürük. Bu yaxınlarda sizin tarixçi Georgi Mamulia ilə birgə həmmüəllifi olduğunuz "Qafqazın azadlığı və müstəqilliyi uğrunda" (Prometey hərəkatı iştirakçılarının, müşahidəçilərin və əleyhdarların gizli sənəd və materiallarında) kitabı çapdan çıxıb. Kitabın məqsədi nədən ibarətdir. Bu kitab haqqında zəhmət olmasa məlumat verərdiniz.
- Biz Georgi Mamulia ilə 20 ildən artıqdır ki, tanışıq. O, Fransada yaşayır. Təbiidir ki, Fransada yaşayan adamın arxivlərdə işləmək şansı daha çoxdur. Ona görə də, qarşımıza belə bir məqsəd qoyduq ki, Azərbaycan mühacirət tarixi ilə bağlı Fransa arxivlərindəki olan sənədləri ictimailəşdirək. Həmin arxiv sənədlərini belə deyək, elmi dövriyyəyə buraxaq. İndiyə kimi 1 000-dən artıq sənədi çap etmişik. Bu sənədlər indiyədək öyrənilməmişdi. Çap olunan sənədlər tarixçilər üçün böyük əhəmiyyət daşıyan materiallardır. Misal üçün tək elə dörd kitab Əlimərdan bəy Topçubaşovun arxivini çap etmişik. Burada 550-yə yaxın sənəd var. Bu kitabların çap olunmasında Heydər Əliyev Fondunun Rusiya nümayəndəliyi bizə kömək edib. Bu kitabların çap olunmasında əsas məqsəd tarixçələri indiyədək öyrənilməyən sənədlərlə tanış etməkdir. O ki qaldı çap olunan son kitaba, bu əsərdə 143 sənəd öz əksini tapıb. Maraqlı məqamlardan biri, bu kitabda həm Prometey hərəkatının tərəfdarlarının, həm də əleyhdarlarının məktubları və hesabatlarının çap olunmasıdır. Misal üçün bu kitabda SSRİ Dövlət Təhlükəsizlik orqanlarının hesabatlarına bu kitabda rast gəlmək olar. 1920-30-cu illərdə SSRİ daxilində Zaqafqaziya Sosialist Respublikaları adlı dövlət vardı. Onların baş siyasi idarəsi, o vaxt ona "QPU" deyirdilər, Tiflisdə yerləşirdi. Bu idarənin xarici agentlərlə əsas əlaqəsi Tiflisdən keçirdi. Ona görə də bu kitab hazırlanarkən Tiflis arxivindən tam istifadə olunub. Bundan başqa, Əlimərdan bəy Topçubaşovun arxivindən istifadə olunub. Eyni zamanda Fransanın həm dövlət arxivi, həm Xarici İşlər Nazirliyinin arxivi, həm də prefektura, yəni, polis arxivindən istifadə olunub. Çünki polisdə də çox maraqlı sənədlər olur. Beləliklə, bu kitab Fransa, Polşa, Gürcüstan və Fransada yaşayan gürcü mühacirlərin arxiv materialları əsasında bu kitab ərsəyə gəlib.
Prometey hərəkatı 1920-ci illərdə Polşanın təşəbbüsü ilə yaranan antibolşevik xarakter daşıyırdı. Polşa Rusiyanı öz sərhədlərindən uzaqlaşdırmaq, onların əsarətində qalan xalqların müstəqilliyini istəyirdi. Məhz bu məqsədlə Prometey hərəkatı yaradılmışdı.
Prometey hərəkatında Azərbaycanlı mühacirlərin rolu nədən ibarət olub. Qafqazın azadlığı və müstəqilliyi uğrunda bu regionun təmsilçiləri bərabər səviyyədə mübarizə aparıblarmı? Bildiyim qədəri ilə Prometey hərəkatına daxil olan Qafqazın müstəqilliyi Komitəsinin rəyasət heyətinin üç sədrindən biri Məhəmməd Əmin Rəsulzadə dəfələrlə erməni emiqrant siyasi təşkilatlara digər qafqazlı xadimlərlə birlikdə Qafqaz Konfederasiyası Paktını imzalamağı təklif edib. Lakin ermənilər bu paktı imzalamaqdan boyun qaçırıblar. Belə çıxır ki, Qafqazın bolşevik işğalından azad olunaraq müstəqillik əldə etməsinə ən böyük zərbəni ermənilər vurublar.
- Məsələ belə idi. Qafqazın müstəqilliyi Komitəsinin üç həmsədri vardı. Bunlar Azərbaycan, Gürcüstan və Şimali Qafqaz idilər. Digər ölkələrin nümayəndələri isə bir növ müşavir səviyyəsində iştirak edirdilər. Qurumun əsas orqanı “Prometey” jurnalı idi. Azərbaycan tərəfdən əsas yazar Məhəmməd Əmin bəy idi. 1917-ci ildə Müsavatın proqramına baxsanız, orada əsas məsələlərdən birinin Qafqaz xalqlarının birləşməsi məsələsinin qoyulduğunu görmək olar. Bu ideyanı Əlimərdan bəy Topçubaşov da hər zaman təbliğ edib. Azərbaycan tərəfi hər zaman Qafqaz xalqlarının birləşməsi və müstəqilliyini təbliğ edib. Lakin ermənilərin iddiası daha çox idi. Onlar Türkiyəyə ərazi iddiaları ilə çıxış edirdilər. Təbii ki, buna heç kəs razı olmurdu. Ancaq sizə deyim ki, iki nəfər Xaatisyan və Camalyan 1939-cu ilin sonu, 1940-cı ilin əvvəlində Qafqaz Konfederasiyasına daxil olmağa razılıq verirlər. Lakin daha gec idi. İkinci Dünya müharibəsi başlamışdı, Polşa istədiyi yardımı Qafqazlı mühacirlərə edə bilmirdi. Buna baxmayaraq Polşanın istəyi vardı.
Azərbaycanlı mühacirlərin 30-40-cı illərdə Almaniyadakı fəaliyyəti barədə danışmağınızı istərdik. Xüsusi ilə də Məhəmməd Əmin Rəsulzadənin Almaniyadakı fəaliyyəti haqqında tarixi faktlar nəyi göstərir?
- Məhəmməd Əmin bəy Türkiyədə yaşayırdı. Bu ölkədə onun nəşr etdirdiyi qəzet və jurnallar antisovet xətti daşıyırdı. Məhz buna görə vaxtaşırı Türkiyə hökuməti tərəfindən xəbərdarlıq alırdı ki, bir az antisvet tonu azaldılsın. Ancaq kəskin məqalələr çap olunmağa davam edirdi. Türkiyənin o zaman Sovetlər İttifaqı ilə müqaviləsi vardı ki, orada üçüncü qüvvənin bu ölkələrdə fəaliyyətinə imkan verilməməsi qeyd olunmuşdu. Üçüncü qüvvə isə Türkiyədə azərbaycanlılar idi. Bununla da 1929-cu ildə Məhəmməd Əmin Rəsulzadə Varşavaya köçməyə məcbur olur. Oradan isə Almaniyaya gedir. O, Almaniyada iki maraqlı qəzet və jurnal buraxılmışdı. Bunlar "İstiqlal" qəzeti və "Qurtuluş" jurnalı idi. "Qurtuluş" alman dilində də nəşr olunurdu. 1930-cu illərdə Məhəmməd Əmin bəy Almaniyada ancaq təbliğat fəaliyyəti göstərib. Mühacirətdə azərbaycanlılar arasında müxtəlif fikirlər olub. Bəziləri Azərbaycanda Sovetlər İttifaqına qarşı üsyanın qaldırılmasının tərəfdarı olublar. Lakin Məhəmməd Əmin bəy deyirdi ki, bizim indi ancaq təbliğat etmək imkanımız var. Təbliğatla Azərbaycana münasibətdə ictimai fikir yaxşı istiqamətə dəyişmək olar.
Daha sonra İkinci Dünya müharibəsi başladı. 1941-ci ildə Almaniya SSRİ-yə müharibə edəndən sonra 5 milyona yaxın Sovet əsgəri əsir düşdü. Burada bir maraqlı məqam var. Ondan heç kəs danışmır. Lakin bilmək lazımdır ki, Sovetlər İttifaqı əsirlərlə bağlı Qızıl Xaç Cəmiyyətinə üzv olmadığından və əsirlərlə bağlı Konvensiyaya qoşulmadığından bu ölkənin əsirlərinin vəziyyəti çox pis idi. Məhz bu zaman legion məsələsi ortaya çıxdı. Onu da deyim ki, Hitler əsirlərdən formalaşdırılan legionun tərəfdarı olmayıb. Legionlar təşkil olunanda almanlar sanballı mühacirləri danışıqlar aparmaq üçün Almaniyaya dəvət edirdilər. O zaman Almaniya hökumətində Şərq əraziləri nazirliyi yaradılmışdı. Həmin nazirlikdə Qafqaz departamenti fəaliyyət göstərirdi. Bu departamentin rəhbəri isə professor türkoloq şərq Gerxard fon Mendey idi. Məhəmməd Əmin Rəsulzadənin danışıqları məhz onunla olub. Müəyyən vaxtdan sonra Məhəmməd Əmin bəy Almaniyadan müstəqillik məsələsində güzəştə gedilməyəcəyini anlayır. Bundan sonra Rəsulzadə Rumıniyaya gedir. Orada Türkiyənin bu ölkədəki səfiri Subhi Tanrıverin yanında qalır. Məhəmməd Əmin bəyi ikinci dəfə Almaniyaya çağırırlar. Yenə Gerxard fon Mendey Məhəmməd Əmin bəydən Azərbaycan legionunun formalaşmasına rəhbərlik iştirak etməyi xahiş edirdi. Lakin bu dəfə də onların danışıqları alınmır. Mən indi istəmirəm kimisə günahlandırım, lakin bizim tarixçilərimiz arasında da Məhəmməd Əmin bəyin Milli Komitəyə rəhbərlik etməsi haqqında fikirlər var. Ancaq ortaya çıxan sənədlər onu göstərir ki, Məhəmməd Əmin Rəsulzadə heç vaxt Milli Komitəyə rəhbərlik etməyib. Misal üçün, Türkiyədə 2004-cü ildə keçmiş legionçu Cabbar Məmmədzadənin (sonradan soyadını Ertürk etmişdi) xatirələri çap olunub. O yazırdı ki, bizim çoxsaylı xahişlərimizə baxmayaraq Məhəmməd Əmin bəy Azərbaycan Milli Komitəsinə başçılıq etməyə razılıq vermədi. Daha sonra Rusiya tarixçisi, Kazan Universitetinin professoru Gilyazov "Şərq legionları" adlı kitabında Azərbaycan milli Komitəsinə Məhəmməd Əmin Rəsulzadənin rəhbərlik etməsi ilə bağlı danışıqlar aparılıb, lakin Rəsulzadə buna razılıq verməyib. Ən sanballı sənəd isə alman tarixçisi Patrik Mülenin "Qızıl ulduzdan Qamali xaça" kitabıdır. Orada qeyd olunur ki, Gürcüstan və Ermənistan milli komitələri kağız üstündə yaradılmışdısa da, Azərbaycan milli komitəsi ancaq Rəsulzadənin adı ilə bağlı bir epizod idi. Demək Azərbaycan Milli Komitəsinin Rəsulzadənin rəhbərliyi ilə yaradılması kağız üstündə də olmayıb. Daha sonra isə milli komitə başqa adla yaradılır və ona mayor Fətəli bəy Düdənginski rəhbərlik edir. Tarixi faktlar onu göstərir ki, Məhəmməd Əmin Rəsulzadə Hitler Almaniyası ilə əməkdaşlıq etməyib.