Milli Məclisdə “Fransız Polineziyasının Dekolonizasiya Hüququ - Çağırışlar və Perspektivlər” mövzusuna həsr edilmiş konfrans keçirilib.
Konfransda “Tavini Huiraatira” Partiyasının baş katibi Viktor Maamaatuaiahutapu və onun rəhbərlik etdiyi nümayəndə heyəti iştirak edib.
Milli Məclisin sədr müavini Əli Hüseynli bildirib ki, ölkəmiz Qoşulmama Hərəkatına sədrliyi dövründə daim neokolonializmə qarşı çıxıb:
“Xüsusilə də Manohilui dövlətindən və Polineziyanın hakim "Tavini" partiyasının nümayəndələri də neokolonializm prinsipləri ilə tanışdır. Müstəmləkə və post-kolonial dövrün cinayətlərinə görə hansısa dövlətin məsuliyyətə cəlb edilməsi üçün beynəlxalq hüququ aşmaq lazımdır. Bu gün manohilui xalqı demokratiya uğrunda müzakirə aparır”.
“Tavini Huiraatira” Partiyasının Baş katibi Viktor Maamaatuaiahutapu bildirib ki, bu gün ölkəsi və xalqı Fransanın siyasətinə görə təcrid olunduğunu bildirib:
“Biz bilirik ki, siz bizim problemlərimizi beynəlxalq ictimaiyyətə çatdıracaqsınız. Biz sizin yaşadıqlarımızı başa düşdüyünüzü bilirik. Biz minilliklər boyu yaşamış sivilizasiya olsaq da, siyasi baxımdan gənc ölkəyik. Bizim ədalətin öz yerini tapmasına ehtiyacımız var. Hesab edirik ki, Azərbaycanın da bu yolda ölkəmizin və xalqımızın yanında olması olduqca böyük əhəmiyyət daşıyır”.
Milli Məclisin Hüquq Siyasəti Komitəsinin üzvü, millət vəkili Nizami Səfərov isə bildirib ki, bu konfransda dekolonizasiyanın müxtəlif aspektləri müzakirə olunacaq.
Onun fikrincə, 1996-cı ildə Fransız Polineziyası BMT-nin müstəmləkə siyahısından çıxarılsa da, 2016-cı ildə yenidən siyahıya qaytarılıb:
“Dekolonizasiya prosesi hələ də dünyanın 17 ölkəsində yaşayan xalq üçün məntiqi sonluğa çatmayıb. BMT Baş Assambleyasının qətnamələrində Fransız Polineziyasının müstəqillik hüququ öz əksini tapıb. 2018-ci ildən sonra qəbul olunan bütün qətnamələrdə Bakı Konfransının sənədlərinə istinad olunur”.