Naxçıvan Muxtar Respublikası Arxitektura və Tikinti Komitəsinin sabiq rəisi Hicran Rüstəmovun cinayət işi üzrə məhkəmənin baxış iclası başlayıb.
Bu gün Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsində hakim Hüseyn Məmmədovun sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub.
Bildirilib ki, Naxçıvan Muxtar Respublikası Arxitektura və Tikinti Komitəsinin rəisi vəzifəsində işləmiş Hicran Rüstəmov vəzifədə çalışdığı 2018-2022-ci illər ərzində öz qulluq mövqeyindən istifadə etməklə əvvəlcədən digər şəxslərlə əlbir olaraq mənimsəmə yolu ilə dövlət büdcəsini talayıb.
Həmçinin onun çalışdığı dövrdə komitədə çalışan bəzi əməkdaşların dövlət qulluqçusu olmamasına baxmayaraq, bu müddət ərzində qanunsuz olaraq əməkhaqqı, maddi yardım və digər ödənişlər alaraq külli miqdarda büdcə vəsaitləri də israf edilib.
Məhkəmədə çıxış edən təqsirləndirilən şəxs Hicran Rüstəmov bildirib ki, o, 2017-ci ildən Arxitektura və Tikinti Komitəsində çalışır:
"2018-ci ilədək tikintiyə baş nazirin müavini Asəf Məmmədov baxırdı. O, işdən azad olunandan sonra isə bu vəzifəyə mən təyin edildim. Ondan sonra işə başladım. Hər ay görülən işlər yoxlanılırdı və yoxlamada Maliyyə Nazirliyinin əməkdaşları da iştirak edirdilər. Görülən işlərə ayrılan vəsaitin üzərinə həmişə 10 faiz əlavə yazılırdı. Sonra görülən işlər barədə Nazirlər Kabinetinə məlumat verilirdi. Keçirilən müşavirələrdən sonra pullar müvafiq şirkətlərin hesabına köçürülürdü".
Hicran Rüstəmov qeyd edib ki, Naxçıvan Muxtar Respublikası Arxitektura və Tikinti Komitəsinin tərkibində yeddi kiçik şirkət olub:
"Həmin şirkətlərin hesabına pul köçürülürdü və 10 faizini aparıb aidiyyəti şəxslərə verirdik. Komitə Nazirlər Kabinetinin sərəncamlarını icra edərək pulları podratçı şirkətlərin hesabına köçürürdü.
Təqsirləndirilən şəxs bildirib ki, dövlət vəsaiti hesabına inşa edilən obyektlərin kimə verildiyini bilməyib:
"Biz sadəcə, inşa edib, təhvil verirdik. Eyni zamanda, təqribən iki milyon manat nağdlaşdırılaraq, o zaman baş nazir olan Səbuhi Məmmədova vermişəm. Ümumiyyətlə, həmin vaxt tender olmurdu. Məsələn, tapşırılırdı ki, filan kənddə məktəb tikilsin. Göstəriş verilirdi, tapşırılan şirkət gəlirdi, götürüb tikirdi".