Xəbər verdiyimiz kimi, Qusar Rayon İcra Hakimiyyətinin başçısı Şair Balaşərif oğlu Alxasov bu gün vəzifəsindən azad edilib.
Vəzifəsindən azad olunan icra başçısının yayılan dosyesindən belə aydın olur ki, Şair Alxasov 1958-ci ildə Qusarın Çətkün kəndində anadan olub. 1985-ci ildə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunu inşaat mühəndisi ixtisası üzrə bitirib. Əmək fəaliyyəti dövründə "Azərelektroterm" İstehsalat Birliyində tikinti işləri üzrə müdir müavini, tikinti trestinin müdiri, "Bərpaçı-A" MMC-nin prezidenti, bir sıra tikinti şirkətlərinin rəhbəri vəzifələrində çalışıb. Musavat.com xəbər verir ki, Şair Alxasov Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin kadrı idi.
Ramiz Mehdiyevin istefaya göndərilməsindən sonra onun digər kadrları kimi, Şair Alxasovun da yola salınacağı barədə xəbərlər yayılırdı. Maraqlı bir məqam da odur ki, Şair Alxasov 2007-ci ildə Qusar Rayon İcra Hakimiyyətinin icra başçısı postuna təyinat alandan sonra onu kollektivə Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev təqdim edib. Şair Alxasov icra başçısı olduğu illərdə Ramiz Mehdiyevin özünün və ailə üzvlərinin Qusarın Çiləgir kəndində dəbdəbəli malikanələri tikilib. Belə iddialar var ki, malikanələrin tikintisinə Şair Alxasov şəxsən rəhbərlik edib.