Bakıda hotelin damından girib, dördmərtəbəli, 13 otaqlı villadan oğurluq edən şəxslərə hökm oxunub. Pravda.az qaynarinfo-ya istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda "milyonerlər məhəlləsi" kimi tanınan ərazidəki villaların birində baş verib.
Hadisəni isə 1996-cı il təvəllüdlü Ramin Hüseynov (soyad şərti) və Yusif Bağırov (soyad şərti) törədiblər.
Belə ki, onlar içkili vəziyyətdə villanın yaxınlığında yerləşən hotelin damından evə keçməklə ümumi dəyəri 76 500 manat olan əşyaları oğurlayıblar. Təqsirləndirilən şəxslər villanın ikinci mərtəbəsində hər birinin qiyməti 1 700 manat olmaqla ümumi dəyəri 8 500 manat olan Türkiyə istehsalı beş ədəd mis şamdan, 17 000 manat dəyərində bir ədəd qadın təsvirli bürünc heykəl, 8 500 manat dəyərində bürüncdən qadın təsvirli heykəl, üçüncü mərtəbədə olan yataq otağından 8 500 manat dəyərində XIX əsrdə Fransada hazırlanmış farfordan olan bir ədəd sandıqça, həmin mərtəbənin dəhlizindən 25 500 manat dəyərində XIX əsrə aid Fransa istehsalı olan bürünc materialdan bir ədəd masaüstü saat, dördüncü mərtəbədə olan yataq otağından 3 400 manat dəyərində yerli istehsal olan bir ədəd mis qazan, 5 100 manat dəyərində bir ədəd çaynikaltı tas aparıblar.