3 iyun 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bononu qəbul edib.
XİN-dən verilən məlumata görə, görüşdə Azərbaycan-ABŞ ikitərəfli və çoxtərəfli əməkdaşlıq gündəliyinin müxtəlif aspektləri, habelə postmünaqişə dövründə regional sülh prosesi ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov iki ölkənin rəsmiləri arasında təmasların intensivləşməsinin münasibətlərin inkişaf dinamikasına müsbət təsir göstərdiyini diqqətə çatdıraraq, bu istiqamətdə qarşılıqlı səfərlərin əhəmiyyətindən bəhs edib.
Qarşı tərəf postmünaqişə dövründə bölgədə mövcud vəziyyət, Azərbaycan və Ermənistan arasında normallaşma və sülh prosesi istiqamətində aparılan danışıqlar, habelə sülh gündəliyi üzrə əldə olunan son inkişaflar barədə ətraflı məlumatlandırılıb.