Ukraynalı tanımış jurnalist Dmitri Qordonun son müsahiblərindən biri rusiyalı həmkarı, teleaparıcı Andrey Karaulov olub. Müsahibə zamanı Karaulov SSRİ ilə bağlı şok iddia səsləndirib. O deyib ki, SSRİ-nin yaradılması haqda ittifaq müqaviləsi əslində yoxdur, belə bir sənəd olmayıb, onun orijinalını görən də yoxdur.
Yəni belə çıxır, Sovet İttifaqı tam qanunsuz əsasda yaradılıb, “kupçası” olmayıb, SSRİ vətəndaşları da qanunsuz dövlətdə yaşayıblar? Bəs “SSRİ 1922-ci ilin 22 dekabrında qurulub” fikri haradan yaranıb? Niyə məhz bu tarix göstərilir? Azərbaycan SSR adına müqaviləni kim imzalayıb - əgər belə bir müqavilə varsa. Onu kim imzalaya bilərdi? Nəriman Nərimanov, yoxsa qeyrisi?
Deputat, professor Musa Qasımlının “Yeni Müsavat”a bildirdiyinə görə, SSRİ-nin yaradılması məlumdur: “1922-ci il, dekabrın 30-da yaradılıb və həmişə də bu dövlətlərin ittifaq müqaviləsi ilə yaradıldığı deyilib. SSRİ yaradılanda Azərbaycan, Ermənistan və Gürcüstanın daxil olduğu Zaqafqaziya Sovet-Federativ Sosialist Respublikası, o cümlədən Rusiya, Belarus və Ukrayna var idi. Onlar SSRİ ittifaqını yaratdılar. Və SSRİ adından beynəlxalq aləmdə çıxış etməkdən ötrü qərar qəbul edildi. Formal olaraq o müqavilənin imzalanması və yaradılması tarixi var, bu da 1922-ci il 30 dekabrda olub. Əslində SSRİ könüllü deyil, mərkəzin hökmü ilə yaradılmışdı. Çünki buna qədər müttəfiq adlandırılan respublikalar bolşevik Rusiyası tərəfindən işğal edilib sovetləşdirilmişdi. Respublikalar müttəfiq adlandırılsalar da, onların heç bir hüququ yox idi. Hər şeyi mərkəz həll edirdi. Təbiidir ki, SSRİ süni şəkildə yaradılmışdı və ittifaq müqaviləsinin fəaliyyətinə də 1991-ci ilin dekabrında son qoyuldu. Mixail Qorbaçov Yeni İttifaq Müqaviləsi imzalanması təşəbbüsü ilə çıxış etdi və layihə respublikalara təqdim də edildi, lakin bu proses baş tutmadı. Olmayan bir ittifaq müqaviləsinin mövcudluğuna necə son qoymaq olardı?!”