“AzərMaş” ASC-nin İdarə Heyətinin sədri Emin Axundovu və yaxınlarını öldürməklə hədələyərək ondan 100 min manat tələb ediblər.
E.Axundovu əvvəldən tanıdığı, lakin yaxın münasibəti olmadığı Əhməd Əhmədov adlı şəxs şantaj edib.
İttihama görə, Ə.Əhmədov E.Axundova bir neçə dəfə SMS göndərib, 100 min manat verməyəcəyi halda onun özünə, ailəsinə zor tətbiq edəcəyini, öldürəcəyini deyib və evlərini əl qumbarası ilə partladacağı ilə hədələyib. Əhmədin hədə-qorxu dolu mesajlarından sonra Axundov ona 10 min manat verməyə razılaşıb. E.Axundov həmin pulun min manatını Əhmədin dostunun kart hesabına göndərib. Sonradan isə 9 min manatı verəcəyini deyib.
Lakin Axundov təqsirləndirilən şəxsin çoxsaylı hədə-qorxularına tab gətirə bilməyərək Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində müraciət edib.
“Bandotdel” təqsirləndirilən şəxsi xüsusi əməliyyatla elə cinayət başında yaxalayıb. Şərti olaraq Emin Axundovun sürücüsü qismində iştirak edən polis əməkdaşı Əhmədlə görüşüb, 9 min manatı ona verib. Əhməd pulu götürüb uzaqlaşmaq istəyəndə isə polis əməkdaşları onu saxlayıb.