"Kinoda çəkilmək mənə çətin deyildi. Anam həmişə deyirdi ki, olmaz, atam deyirdi ki, olar! Mən orada özümü oynayırdım, çətinlik çəkmirdim. Tək uşaq idim, üstümdə əsirdilər. Dövlətli ailənin 10 ildən sonra dünyaya gələn qızı idim. Amma ailəm heç vaxt mənə demirdi ki, kasıbla, yoxsul uşaqlarla dostluq etmə. Əksinə, mənə uşaq ikən aşılayırdılar ki, dostluq pula, mala, dövlətə baxmır" .
Pravda.az xəbər verir ki, bunu Moderator.az-a açıqlamasında "Qaraca qız" filminin "Xədicə"si, musiqiçi Leyli Axundova deyib. O daha sonra əlavə edib:
"Qaraca qız" filmindən sonra mənə çox təkliflər gəldi. Atam icazə vermədi. Sonra peşman olub dedi ki, kaş çəkilərdin. Rəhmətlik Toğrul Nərimanbəyov atama demişdi ki, icazə ver Leyli Moskvada kinoaktyor məktəbinə daxil olsun. Toğrul müəllim demişdi ki, mən danışmışam onlarla, Leyli imtahan verməyəcək. Atam buna da razılıq vermədi. Aktrisa yox, amma həkim olmadığıma görə peşman oldum. Həkimliyi çox sevirdim. Atam deyirdi ki, mənim bir qızım var, hamının dərdini çəkəcəksən, ürəyin partlayacaq. Sonradan da ailə həyatı qurdum. Məni "Nizami" filminə çəkmək istəyirdilər. Həyat yoldaşım icazə vermədi".