Cari ilin 4 iyun tarixində Prezident cənab İlham Əliyev Bakı Enerji Həftəsi çərçivəsində keçirilən 29-cu Beynəlxalq Xəzər Neft və Qaz - “Caspian Oil&Gas” və 12-ci Xəzər Beynəlxalq Energetika və Yaşıl Enerji - “Caspian Power” sərgilərinin rəsmi açılış mərasimində iştirak edərək, beynəlxalq ictimaiyyətə bir çox önəmli mesajlar verdi.
İlk növbədə Xəzər Neft və Qaz Sərgisinin əhəmiyyətindən bəhs edən dövlət başçısı bildirdi ki, sözügedən sərgi 1994-cü ildən fəaliyyətə başlamaqla ölkənin enerji sektoruna xarici investisiya cəlbində böyük rola sahib olmuşdur.
Ümumiyyətlə, 1994-cü il Azərbaycan tarixi üçün miladi xarakterə sahibdir. Çünki, hələ bu tarixin bir öncəsində ölkəmiz Ermənistanın işğalınına paralel olaraq, az qala vətəndaş müharibəsi ilə qarşı-qarşıya qalaraq, dərin uçuruma doğru sürətlə irəliləyirdi. Siyasi istiqrarsızlıq, beynəlxalq münasibətlərdəki mövqenin tutarsızlığı və zəifliyi, hərbi potensialın və imkanların azlığı, eləcə də iqtisadi stabilliyin olmaması mövcud problemləri daha da dərinləşdirirdi. Bu kimi hallar müstəqilliyin bərpasından 1993-cü ilin ortalarına kimi davam etdi və həmin dövrü sadəcə 1993-cü il üzərindən iki ayrı mərhələyə ayıraraq analiz etdikdə müşahidə etmək mümkündür ki, sözün əsl mənasında bir lider, Ulu Öndər ölkəmizi necə bəlalardan xilas etməyi bacardı.
Bu konteksdə 1994-cü il xüsusi əhəmiyyətə malikdir. Çünki, birinci Xəzər Neft və Qaz Sərgisi məhz 1994-cü ildə baş tutdu və bu sərgidən 1 ay sonra, 20 sentyabr tarixində “Əsrin Müqaviləsi” imzalanaraq genişmaşstablı tranformasiyanın önəmli sütunlarından birinə çevrildi. Əsrin müqaviləsinin əhəmiyyətindən saatlarla danışmaq olar; lakin, ən qısa şəkildə bunu bildirmək kifayət edər ki, Azərbaycan bu müqavilə ilə dünyanın enerji nəhənglərini əməkdaşlığa sövq etməyi bacardı. Nəzərə almaq lazımdır ki, onların arasında BP kimi strateji tərəfaş adlandırdığımız şirkət də yer alır.
Əsrin müqaviləsi Azərbaycanın qlobal enerji məkanına inteqrasiyasını şərtləndirməklə, öz növbəsində ölkəmizin etibarlı tərəfdaş imicini də gücləndirdi. Çünki, müqavilənin 1994-cü ildə imzalanmasından cəmi 3 il sonra, 1997-ci ildə “Çıraq” platformasından ilk neft hasil edildi. 1999-cu ilə kimi isə Qara dəniz limanlarına gedən iki boru xətti artıq istismara verilmişdi. Müqavilənin və müqavilədən irəli gələn məsələlərin vaxtında və keyfiyyətli şəkildə icra edilməsi beynəlxalq əməkdaşlıq yönündən ölkəmizin müsbət profilini öz növbəsində təsdiq etdi və həmin dövrdən etibarən Azərbaycan özünün etibarlı tərəfdaş profilini uğurla qoruyub saxlamaqdadır.
1994-cü ildən enerji siyasətimiz müəyən dəyişiklərlə xarakterizə edilmişdir. Bunun ən başlıca xüsusiyyətlərindən biri təbikii, yaşıl enerjinin, alternativ mənbələrin ön plana çıxması və ölkəmizin bu istiqamətdə beynəlxalq təcrübəsini artırmaqda və mövcud təvrübələrdən faydalanmaqda maraqlı və israrlı olmasıdır. Bunun nəıticəsidir ki, BƏƏ-dən “Masdar” şirkəti ilə 3 günəş və külək enerjisi elektrik stansiyaları ilə bağlı layihələr həyata keçirilmiş, Azərbaycanın özünəməxsus coğrafi imkanlarının ölkənin enerji istehsalında rolunun və payının artımı ilə bağlı tədbirlər icra edilmişdir. Bu amil özü bir daha təsdiq edir ki, Azərbaycan hər nəqədər karbohidrogen ehtiyatları ilə zəngin dövlət olsa da, bərpa olunan enerji resurslarına keçiddə maraqlı dövlətdir və bununla bağlı dövlət strategiyası uğurla icra edilməkdədir. Nəzərə almaq lazımdır ki, COP 29 kimi əlamətdar qlobal tədbirə ev sahibliyi etməyimiz də məhz bu amilin nəticəsidir.