Azərbaycanda uzun illər "təxribatçı keçi" (козёл провокатор) rolunu icra edən bir mətbu orqanın Nəriman Nərimanovun heykəlinin uçurulması kampaniyasından sonra gürcü keşişi də artıq Gürcüstanda bu yaxınlarda bərpa edilən N.Nərimanovun heykəlinin uçurulmasını tələb etdi. Gürcü keşişinin canfəşanlığını başa düşürəm, çünki onlar hələ də N.Nərimanova Zaqatalanın 20-ci əsrin əvvəllərində Gürcüstanın tərkibinə verilməsinin qarşısını almasını bağışlaya bilmirlər. Bizimkilərin, bu gün də fəaliyyətdə olan əliheydər qarayevlərin qarın ağrısının nə olduğunu isə hələ də çözə bilməsəm də əminəm ki, bunun da altında hansısa bəd niyyət var.
Neçə gün idi gözləyirdim ki, tarixçilərimiz bu təxribata cavab verib N.Nərimanovun kimliyini bəzilərinə anladacaqlar. Ancaq bu baş vermədiyindən qısaca fikirlərimi bölüşməklə bir daha tarixçilərimizin bu mövzuya qayıdacağını, 20-ci əsrin əvvəllərində Azərbaycan tarixində həlledici şəxslərdən biri olmuş N.Nərimanovun kimliyini cəmiyyətə anladacağını və goreşənlərin gözlənilən pis niyyətinin qarşısını alacaqlarını düşünürəm.
Birincisi ondan başlayım ki, 1920-ci illərdə N.Nərimanov olmasa erməniləri demirəm, elə bizim əliheydər qarayevlər Qarabağı, Naxçıvanı ermənilərə, Zaqatalanı gürcülərə verəcəkdilər. Bakının taleyinin də necə olacağını bilmək olmazdı. 1920-ci ildə Dağlıq Qarabağda ermənilərin keçirdiyi “Qurultay”ın qərarının nəticəsiz qalması məhz N.Nərimanovun əməyidir. 1920-ci il iyulun 10-da N.Nərimanov Moskvaya RK(b)P MK-ya “Dağlıq Qarabağda vəziyyət” haqqında “Müsəlman əhalisi Moskvanın qəflətən köhnə mövqeyə qayıtmasını və ermənipərəst siyasət yürütməyini sovet hökumətinin Azərbaycanın sərhədlərini qorumaq iqtidarında olmaması və xainlik kimi qiymətləndirəcəkdir” məzmunlu teleqram vurur. 1921-ci il iyunun 12-də Ermənistan hökuməti Dağlıq Qarabağın “Ermənistan Sovet Sosialist Respublikasının bir hissəsi” elan edir. 1921-ci ildə bir-birinin ardınca qəbul olunan üç qərardan irəli gələn nəticələri də ancaq N.Nərimanovun siyasətinin uğuru kimi qiymətləndirmək olar. İyunun 26-da isə Azərbaycan Xalq Komissarları Sovetinin qərarı ilə Ermənistanın Dağlıq Qarabağda olan nümayəndəsi Mravyanın fəaliyyəti qadağan olunur. 1921-ci il iyulun 4-5-də RK(b)P MK-nın Qafqaz bürosu N.Nərimanov, S.Orconikidze, S.Kirov, A.Myasnikov, F.Maxaradze, A.Nazaretyan, Y.Fiqatner, İ.Oraxelaşvili və başqaları plenumda Qarabağ məsələni müzakirə edirlər. Müzakirədə RK(b)P MK üzvü Stalin, RK(b)P Qafqaz bürosunun digər üzvləri də iştirak etdilər. N.Nərimanov təkbaşına bunların hamısının qarşısında dayanıb Azərbaycan maraqlarını müdafiə edir. Məhz bu müzakirələrdə N.Nərimanov Stalinin, Orconikidzenin üstünə səsini yüksəldib deyir: "Mən bircə gün də qoymaram Qarabağ erməni tapdağının altında qalsın! Mən Qarabağı bu gecə ya qaytaracağam, ya da başqa cür həll edəcəyəm!"
N.Nərimanov bu fəaliyyəti ilə Mərkəzin və ermənilərin planlarını pozduğundan onu Kommunist Partiyasının “beynəlmiləlçi” siyasətinə zidd olmaqda günahlandırırlar. Bu ittihamın nə qədər ağır və təhlükəli olduğunu o dövrün tarixi ilə maraqlananlar yaxşı görərlər. Məhz buna görə də N.Nərimanov Kommunist Partiyasının işlərinə müdaxilədən uzaqlaşdırılır. O, özü də etiraf edirdi ki, “mən tərkibi tamamilə düşmənlərdən ibarət olan Azərbaycan MK-nın qərarına təsir göstərə bilmirəm”. 1923-cü ilin aprelində keçirilən RK(b)P XII qurultayına N.Nərimanov Azərbaycandan nümayəndə seçilmir. N.Nərimanov qeyd edirdi ki, “M.Hüseynov, Ə.Qarayev müsəlman fəhlələrinin inkişaf səviyyəsini qaldırmağın zəruriliyi haqqında mənim tələblərimdə millətçilik meyli görürdülər”. Fəaliyyətinin əvvəlindən N.Nərimanov Azərbaycan xalqının milli dəyərlərini ön plana çəkmişdir. N.Nərimanovun hökumətin başçısı vəzifəsindəki fəaliyyəti bolşevik hakimiyyəti şəraitində Azərbaycanı bir sıra bəlalardan qorumuş, adamların şüurunda sovet dövründə milli inkişafın mümkünlüyünü bərqərar etmişdir. Onu demək kifayətdir ki, “Nərimanovçuluq” uzun müddət sovet rəsmi dairələrində “millətçilik” kimi qəbul olunduğu halda, xalqımız üçün sovet sistemi şəraitində milli mənliyin, milli adət-ənənələrin və mənəvi dəyərlərin qorunmasının əsas qaynağı idi. N.Nərimanov ağır bolşevik sistemi şəraitində də Azərbaycanın ərazi bütövlüyünü qorumağa çalışmış və çətin olsa da buna nail olmuşdur. Çünki N.Nərimanovun hökumət başçısı işlədiyi dövrdə itirilməsi rəsmiləşdirilməsini gözləyən ərazilər faktiki olaraq əvvəllər Azərbaycanın nəzarətindən çıxmışdı. Məhz yuxarıda vurğuladığım fəaliyyətinə görə N.Nərimanov daşnakların, əliheydər qarayevlərin, xalqların taleləri ilə oynayan bolşeviklərin qəzəbinə tuş gəlmiş və nəticədə 1925-ci ildə Moskvada müəmmalı şəkildə vəfat etmişdir.
Əminəm ki, həmin dövlər azərbaycanlı olan vəzifəli şəxslər N.Nərimanov kimi qeyrətli olsalar Zəngəzurun da Ermənistana verilməsinin qarşısı alına bilərdilər. O, 1921-ci ildə özü etiraf edir ki, Zəngəzurla bağlı 1920-ci il dekabr bəyanatını verərkən Zəngəzurun Azərbaycandan ayrılmasının qarşısını təkbaşına almaq iqtidarında deyildi. O, bu haqda bunları deyirdi: “Əgər müsəlman kommunistlərinin əksəriyyəti milli təmayül əhval-ruhiyyəsində olsaydı, inanın ki, Ermənistan Zəngəzuru ala bilməzdi”.