Karantin rejimində toy mərasimlərinin təşkilinə qoyulan qadağa həm toy etmək istəyənləri, həm də restoran sahiblərini çıxılmaz vəziyyətdə qoyub. Üstəlik, ölkənin toy sənayesi indiyə qədər görülməmiş ziyanla üzləşib.
Pravda.az-ın xəbərinə görə, toylarla bağlı tətbiq olunmuş qadağanın aradan qaldırılmasını səbirsizliklə gözləyən restoran sahibləri şadlıq saraylarına qoyulacaq yeni tələblərdən narahatdırlar. Ən çox müzakirə olunan məsələ saraylarda masa və stulların sayının azaldılması yolu ilə zalda insanların seyrəkliyini təmin etməkdir.
Restoran işlədən sahibkarlar deyirlər ki, masa və stulların sayını azaltmaq mümkün olsa da, bu, restoran sahibləri üçün sərfəli deyil. Xüsusilə də icarə ilə işləyən restoranlarda masa sayını azaltmaq ciddi ziyana səbəb ola bilər. Üstəlik, masa sayı azaldılacağı təqdirdə restoranlarda qiymətlər bahalaşa bilər.