Belarus Respublikasında rəsmi səfərdə olan Milli Məclisin sədri Sahibə Qafarova Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Prezident Aleksandr Lukaşenko bu səfərin parlamentlər arasında münasibətlərin inkişafına töhfə verəcəyinə inamını ifadə edib.
Aleksandr Lukaşenko Belarusda, xüsusən də ölkəsinin faşist işğalçılarından azad edilməsinin 80 illiyinin qeyd olunduğu bu günlərdə azərbaycanlıların Qələbəyə və Belarus torpaqlarının azad edilməsinə verdiyi töhfəni yüksək qiymətləndirdiklərini və onların şücaətlərini xatırladıqlarını qeyd edib.
Söhbət zamanı Prezident Aleksandr Lukaşenko Azərbaycana ötən ay baş tutmuş səfərini böyük məmnuniyyətlə xatırlayaraq, Azərbaycan Prezidenti İlham Əliyevlə görüşləri və dövlətimizin başçısının rəhbərliyi ilə Azərbaycanın qazandığı nailiyyətləri yüksək qiymətləndirib. "O, o qədər iş görüb ki, çətin ki, İlham Əliyevdən sonra hansısa prezident bunu təkrar etsin", - deyə Belarusun dövlət başçısı qeyd edib.
Belarus Prezidenti Azərbaycana səfəri çərçivəsində Prezident İlham Əliyevlə birlikdə işğaldan azad olunmuş ərazilərimizə də baş çəkdiyini xatırladaraq, Şuşanın iqlimini və təbii gözəlliyini xüsusi qeyd edib.