Londonda Azərbaycan Beynəlxalq Bankının keçmiş rəhbəri Cahangir Hacıyevin həyat yoldaşı Zamirə Hacıyevanın əmlakları ilə bağlı məhkəmə dinləmələri davam etdirilir. "Qafqazinfo" xəbər verir ki, Z.Hacıyeva Naytsbricdə 15 milyon funt sterlinq dəyərində evin və Berkşirdə qolf sahəsinin qanun çərçivəsində alındığını sübut etməlidir. O, məhkəmədə sözügedən əmlakların qanuni vəsaitlərlə alındığını sübut edə bilməzsə, bu aktivlər müsadirə edilə bilər.
C.Hacıyevin həyat yoldaşı Londonun Ali Məhkəməsində Bakıda olarkən necə qaçırılmasından, bu zaman harada saxlanılmasından və Londona köçməsindən danışıb.
Onun sözlərinə görə, 2005-ci ildə dəhşətli qaçırılma hadisəsi ilə üzləşməzdən əvvəl rus dili və ədəbiyyatı müəllimi olaraq çalışıb.
Hacıyeva qeyd edib ki, avtomobilinə çatarkən onu qaçıran şəxslər arxadan yaxınlaşıblar:
"Üç kişi məni kənarda gözləyən və sürücüsü olan avtomobilə apardı. Özümü müdafiə etmək üçün onların əllərindən çıxmağa çalışdım. Onlar məni maşının içərisinə atdılar və başıma torbaya bənzər bir şey keçirdilər. Onlar, həmçinin yola düşməzdən əvvəl qollarıma qandal da taxdılar. Mən heç nə eşitmirdim, heç nə görmürdüm. Bir müddət sonra biz dayandıq və məni bir maşından digərinə apardılar, başımda torba ilə həmin avtomobilin arxa oturacağında əyləşdirdilər. Başıma arxadan tapançaya bənzər bir şey dayamışdılar və oturmağımı, tərpənməməyimi dedilər. Dəhşət içərisində idim, bu insanların kim olduğunu və hara getdiyimizi, yoldaşım və uşaqlarımı bir daha görüb-görməyəcəyimi bilmirdim".
O əlavə edib ki, Bakıdan kənar əraziyə aparılıb, çox dar və zirzəmiyə bənzər bir məkanda saxlanılıb:
"Mən orada 28 gün keçirdim. Qapı daim bağlı olurdu və mənimlə qapıda olan lyuk vasitəsilə danışırdılar. Məkanda sanitar qovşaq da yox idi. Həmin şəxslər mənə gündə bir dəfə yemək verirdilər. Dayanmadan musiqi səslənirdi və bu, işgəncəyə bənzəyirdi. Tezliklə zaman qavramını itirdim və artıq günün hansı saatı olduğunu bilmirdim. Orada saxlanıldığım müddətdə, məni qaçıran şəxslər yoldaşımdan pul tələb etməyə çalışıblar və mənə dedilər ki, yoldaşın əməkdaşlıq etməsə, səni öldürəcəyik".