Azərbaycanlı qıza elçi düşən və Türkiyədən xına mərasimi keçirmək üçün Azərbaycana gələn Çakır ailəsi koronavirus səbəbindən iki ay burada qaldıqdan sonra nəhayət ki, Rizəyə dönüb. Təyyarə ilə Malatyaya təxliyyə ediləndən sonra 14 gün karantində qalan ailə artıq yaxınlarına qovuşub.
Pravda.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
Bildirilir ki, rizəli 27 yaşlı Rəsul Çakır 21 yaşlı Gülyana Yekayeva ilə evlilik qərarı alıb. Martın 12-də cütlük üçün Balakəndə xına mərasimi təşkil edilib. Mərasimdə bəy Rəsul Çakır ilə yanaşı, anası Gülhan, atası Həsən, qohumları Mustafa Çakır da iştirak edib. Mərasimdən sonra ailə geri qayıtmaq istəyib. Lakin Azərbaycan-Gürcüstan və Gürcüstan-Türkiyə sərhədləri bağlandığı üçün ölkəni tərk edə bilməyiblər. Onlar bir müddət yeni qohumlarının evlərində qalıblar. Daha sonra isə sərhəddə gözləməyə başlayıblar. Martın 25-də Rizədə keçirilməsi planlaşdırılan toyu da təxirə salan ailə 2 ay Azərbaycanda kirayə evdə qalıblar.
Artıq Çakır ailəsi Rizənin Çamlıhemşin mahalınım Çayırdüzü kəndinə gəlib. Azərbaycanda olduqları müddətdə virusa yoluxmaqdan çox qorxduqlarını açıqlayan Çayırdüzü kəndinin muxtarı Həsən Çakır Türkiyəyə geri dönə bilməyəcəklərinə görə də narahatlıq keçirib: "Azərbaycana getdik, xına gecəsindən 2 gün sonra sərhədlər bağlandı. Orada təcrid vəziyyətində qaldıq. Dövlətimiz təxliyyə təyyarəsi göndərdi, Türkiyəyə gəldik. Malatyada karantində qaldıqdan sonra məmləkətimizə gələ bildik. Azərbaycanda olarkən virusa yoluxacağımızdan çox qorxurdum. Çünki bizim imkanlarımızla oradakı imkanlar eyni deyil. Bütün dünyada virus tüğyan edirdi və yenidən Türkiyəyə dönə bilməyəcəyimizə görə narahat idim. Sağ olsunlar, konsulluqdan bizə tez-tez zəng edirdilər. Bu da bizi ümidləndirirdi. Artıq məmləkətimizdəyik, işimizə geri döndüyümüzə görə çox xoşbəxtik. Allah heç kəsi çıxılmaz vəziyyətdə qoymasın”.