Vəzifəli şəxsin qanunsuz əməlləri ilə bağlı cinayət işinin ibtidai istintaqı tamamlanıb.
Baş Prokurorluğun Mətbuat xidmətindən verilən məlumata görə, Gədəbəy rayonu, Zəhmət kənd uşaq musiqi məktəbinin direktoru işləmiş Şərifova Təranə Mikayıl qızının qanunsuz əməlləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində başlanmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
İstintaqla Təranə Şərifovanın sözügedən təhsil müəssisəsinin direktoru vəzifəsində işlədiyi 2008-2022-ci illər ərzində qulluq mövqeyindən istifadə edərək faktiki olaraq işə çıxmayan müəllimlərə əməkhaqqı hesablatmaqla onlara məxsus kart hesablarına köçürülmüş pul vəsaitlərini nağdlaşdırmasına, habelə bəzi müəllimlərə artıq dərs saatları təhkim edərək onlara hesablanmış aylıq əməkhaqqının əhəmiyyətli hissəsini tələb edib almasına, bununla da Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə məxsus olmaqla ona etibar edilmiş ümumilikdə 995 min manat məbləğində pul vəsaitini mənimsəməsinə əsaslı şübhələr müəyyən edilib.