Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə təqsirləndirilən Zaman Məhəmməd oğlu Zeynalovun məhkəmə prosesinin növbəti iclası keçirilib. "Unikal"ın məlumatına görə, şahid qismində təqsirləndirilən şəxsin oğlu Amid Zamanov ifadə verib: "Atam anama xəsarət yetirib. 5 ildir ağır şəraitdə yaşayırıq. Hadisə olan vaxtı Rusiyadan təzə gəlmişdik. Anam xəstəlikdən əziyyət çəkirdi. Son müddət bacımın həyat yoldaşından ayrılmasından və evə qayıtmasından ailəmizdə mübahisə daha da böyümüşdü. Anamın ölümünə gəlincə isə, səsə gəldim, gördüm anam uzanıqlı vəziyyətdədir. Mən hadisə yerinə çatanda artıq iş işdən keçmişdi".
Təqsirləndirilən Zaman Zeynalov oğlunun ifadəsinə münasibət bildirib: "Qızım Səmanın nişanı bir dəfə qayıtdı. Sonra ərə verdik. Təzədən düz gəlmədi, boşandı, gəldi. Mən kişiyəmsə, papağı başıma bir dəfə qoyuram".