Naxçıvan Ağır Cinayətlər Məhkəməsində Kəngərli rayon sakini 24 yaşlı Sərvin Məmmədova hökm oxunub. O, qonşusu, 17 yaşlı Aysun İbrahimovanı qətlə yetirməkdə təqsirli bilinərək 15 il müddətinə azadlıqdan məhrum edilib.
Pravda.az Musavat.com-a istinadən xəbər verir ki, istintaq materiallarına görə Sərvin Məmmədov qonşusu Aysun İbrahimova ilə avtobusda tanış olub. Söhbət zamanı Sərvin Məmmədov Aysunun "Instagram" hesabını alıb. 1 ilə yaxın münasibət saxladıqları dövrdə Sərvin Məmmədov qızın görüntülərini toplayıb.
Münasibətləri korlandıqda isə fotoları Aysunun atasına göndərəcəyi ilə hədələyib, münasibəti davam etdirməyə çalışıb.
Hadisə günü Sərvin Məmmədov gecəyarısı Aysunun evdə tək olduğunu bildiyi üçün onlara gəlib. Aysunun etirazına baxmayaraq zorla evə daxil olub. Aysun İbrahimova qonşusu Sərvin Məmmədovdan şantaj foto-videolarını telefonundan silməsini tələb edib. Davamlı tələblərinə görə Sərvin əvvəlcə Aysunu döyüb, daha sonra bıçaqla qətlə yetirib.
Qətllə bağlı araşdırma aparan istintaqçılar qısa müddətdə Sərvin Məmmədovu müəyyən edib istintaqa cəlb ediblər.