Gədəbəy rayonunda 1990-cı il təvəllüdlü Samir qısqanclıq zəminində mübahisə zamanı arvadı Nərmini (adlar şərti verilib – red.) öldürüb. Teleqraf.com-un əldə etdiyi məlumata görə, Samir 1990-cı il təvəllüdlü arvadı Nərminin ona xəyanət etməsini zənn eləyib və onu öldürmək qərarına gəlib.
6 dekabr 2022-ci ildə saat 13 radələrində o, Gədəbəy rayonunun kəndində yaşadıqları evin həyətindəki mal tövləsinin giriş qapısından baltanı götürüb və tövləyə daxil olub. Kürəyində 2019-cu il təvəllüdlü azyaşlı oğlu Emini şalla bağlı vəziyyətdə təmizlik işləri ilə məşğul olan arvadı Nərminə yaxınlaşıb.
Orada olan 2016-cı il və 2017-ci il təvəllüdlü övladlarının gözləri qarşısında belində digər övladı olan Nərminə balta ilə xəsarətlər yetirib. Zərbənin təsirindən Nərmin yerə yıxıldıqdan sonra əlindəki balta ilə onun baş nahiyəsinə yenidən bir zərbə vurub. Qadın aldığı xəsarətlərdən vəfat edib.
İstintaq orqanı tərəfindən Samirin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsualla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Samir ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, ailəsi atası, anası, qardaşı, bacılarından ibarət olub. 2012-ci ildə Zəminə adlı qadınla qeyri-rəsmi ailə qurub:
“Övladlarımız olmadığı üçün 1 il sonra Zəminədən ayrıldım. 2015-ci ildə həmkəndlim Nərminlə rəsmən ailə qurduq. Həmin evlilikdən 2016-cı il təvəllüdlü Səma, 2017-ci il təvəllüdlü Naidə və 2019-cu il təvəllüdlü Emin adlı övladımız doğuldu.
Ailə üzvlərimlə birlikdə atama məxsus evdə yaşayaraq təsərrüfatla məşğul olmuşam. Rəsmi olaraq heç yerdə işləməmişəm”.
Təqsirləndirilən şəxs qeyd edib ki, 2016-cı ilin yanvarında hərbi xidmətə yollanıb, həmin ilin ya iyun, ya da iyul ayında psixoloji problemləri ilə əlaqədar hərbi xidmətdən tərxis olunub: “Tərxis olunduqdan sonra Bakı şəhərində mərkəzi hərbi hosbitalda təxminən 2 aya yaxın stasionar müalicə aldım. Bundan sonra evə buraxıldım və kənddə yaşadım”.
Samirin sözlərinə görə, 2021-ci ildə yenidən psixoloji problemləri yaranıb, bununla bağlı həmin ilin yanvar ayında atası ilə birlikdə Bakı şəhərinə gedərək Maştağa qəsəbəsində yerləşən 1 saylı Respublika Psixiatriya xəstəxanasında təxminən 20 gün stasionar müalicə alıb: “Müalicədən sonra özümü normal hiss etdim. Hal-hazırda da özümü yaxşı hiss edirəm. Səhhətimdə hər hansı problem yoxdur.
2016-2021-ci illər ərzində psixoloji problemlərlə əlaqədar mənə 2-ci qrup əlillik dərəcəsi təyin edildi. Aylıq 130 manat müavinət alırdım. 2021-ci ildə əlillik dərəcəm ləğv olundu”.
Samir qeyd edib ki, 6 dekabr 2022-ci ildə səhər saat 8 radələrində yuxudan oyanaraq atası ilə birlikdə səhər yeməyi yeyib: “Saat 10 radələrində arvadım Nərminin anası, yəni qayınanama zəng etdim. Məqsədim Nərminlə aramızda yaranmış mübahisəni həll etmək və arvadımı evdən göndərmək idi.
Əvvəllər arvadımla heç bir mübahisələrimiz olmayıb. Normal ər-arvad münasibətləriylə dolanmışıq. 2022-ci ilin noyabr ayının ortalarında yaşadığımıız evin divarlarına suvaq vurdurduq. Suvaq işlərini soyadını bilmədiyim həmkəndlim, eyni zamanda atamın dayısı nəvəsi Elcan görürdü.
Qış aylarında heyvanları kənd ərazisində atla 2 saatlıq məsafədə yerləşən “Göl” adlanan ərazidə saxlayırdıq. 2022-ci ilin noyabr ayında da heyvanlar “Göl” adlanan ərazidə idi. O ərəfədə yaşadığımız evin divarlarına suvaq vurdururduq. Bu evdə arvadım və uşaqlarım qalırdı. Atam, anam və mən isə “Göl” adlı qışlaqda olurduq.
Noyabr ayının xatırlamadığım günündə “Göl”dən kənddəki evə gəldikdə pəncərədən baxdım və suvaq vuran Elcanla arvadım Nərmini evin içərisində gördüm. Evə daxil olmadım. Onların cinsi əlaqədə olub-olmadıqlarını da görmədim”.
Samirin sözlərinə görə, həmin vaxtdan sonra arvadının ona xəyanət etdiyini düşünüb: “Evə girmədim, “Göl” adlanan əraziyə qayıtdım. Dekabr ayının xatırlamadığım günündə, cinayət hadisəsini törətməmişdən təxminən 3 gün əvvəl Nərmindən mənə xəyanət edib-etmədiyini soruşdum.
Nərmin and içərək xəyanət etmədiyini bildirdi. Dedi ki, mənim səndən başqa heç kəslə əlaqəm yoxdur. Buna baxmayaraq, arvadımın mənə xəyanəti ilə bağlı beynimdən şübhələr sovuşmadı”.
Samir deyib ki, həmin il dekabrın 6-da zəng edərək qayınanasını yaşadığı evə çağırıb: “Ona Nərmini aparması üçün çağırdığımı dedim və evə dəvət etdim. Qayınanam gələndə Nərminlə dolanmağın qeyri-mümkün olduğunu bildirdim. Evdə atam, arvadım və qayınanamla birlikdə süfrədə oturaraq çay içdik. Mən atama qayınanamı arvadımı aparması üçün çağırdığımı dedim.
Nərminə də paltarlarını yığıb anası ilə getməyi tapşırdım. O mənimlə razılaşmadı. Qayınanam bizdən gedərkən Nərmini aparmasını desəm də, arvadım yenə buna razı olmadı. Belə olduqda Nərmin sözümə baxmadığı və özbaşına qərar verdiyi üçün onu öldürmək qərarına gəldim”.
Samirin sözlərinə görə, dekabrın 6-da yaşadıqları evin həyətində mal tövləsində atası və arvadı təsərrüfat işləri görməyə davam edib: “Mən evin həyətində gəzişirdim. Anam və qardaşım isə “Göl” adlanan sahədə, heyvanların yanında idilər. Atam araba ilə peyin daşıyır, arvadı isə tövləni təmizləyirdi.