Amerika Birləşmiş Ştatları hazırda müxtəlif problemlərlə üz-üzə qalıb. Amerikada bir tərəfdən koronavirusdan vəfat edənlərin sayı 100 mini keçib, ştatların birində polis tərəfindən qaradərili vətəndaşın öldürülməsi cidd qarşıdurma yaradıb, üstəgəl sosial şəbəkələrlə bağlı müzakirələr qızışıb.
ABŞ prezidenti Donald Tramp sosial şəbəkələrin fəaliyyətinin tənzimlənməsinə dair sərəncam imzalayıb. Ağ Ev sahibinin fikrincə, sosial şəbəkələrin rəhbərləri istədikləri halda senzuradan istifadə edirlər. Amerika prezidenti “Twitter”in bağlanmasının mümkünlüyünü də istisna etməyib. Məsələ burasındadır ki, adı çəkilən sosial şəbəkə ABŞ prezidentinin statuslarından birini paylaşmaqdan imtina edib. Sosial şəbəkə Trampın mesajı altında dövlət başçısının fikrinə xəbərdaredici nişan yerləşdirib. Amerika prezidenti bunu sosial şəbəkə tərəfindən özünə qarşı senzura kimi qiymətləndirib.
Amerika prezidentinin sərəncamı hər yerdə müzakirə edilir. Amerika demokratiyanın beşiyi sayılmasına rəğmən, sosial şəbəkədə məhdudlaşdırıcı addım atıb. Əlbəttə, bu məsələ Amerika məhkəməsinin predmetinə də çevrilə bilər. Ancaq hər halda hakimiyyətlə sosial şəbəkələr arasındakı qovğa göz qabağındadır. Bəzən Amerikanı bizə misal çəkənlər bu ölkədə faktiki senzuranın tətbiqini nəzərdən qaçırmamalıdırlar.