Nəqliyyat vasitəsini texniki baxışdan keçirmək hər bir sürücü üçün zəruri prosesdir. Əgər avtomobil yenidirsə, 4 il tam bitəndən sonra texniki baxışdan keçir. Məsələn, 2024-cü il istehsalı olan avtomobil 2029-cü ildə texniki baxış üçün müvafiq müayinə mərkəzinə aparılmalıdır. İstehsal ilinin 4 ili tamam olmuş avtomobillər üçün 2 ildən bir, istehsal ilindən 10 il keçmiş avtomobillər üçün isə hər il texniki baxışdan keçmə zəruridir.
Qarşıdan bayram günləri gəlir. Nəqliyyat vasitələrinin rahat və təhlükəsiz şəkildə müayinədən keçməsi məqsədilə Baş Dövlət Yol Polisi İdarəsinin Texniki Müayinə Mərkəzində yaradılan yeniliklərlə tanış olmaq üçün əraziyə yollandıq.
Oxu.Az Baş Dövlət Yol Polisi İdarəsinin Texniki Müayinə Mərkəzindən hazıqladığı reportajı təqdim edir:
Müayinə mərkəzləri 24 saat fasiləsiz olaraq sürücülərin ixtiyarındadır. Bizi qarşılayan Baş Dövlət Yol Polisi İdarəsinin Texniki Müayinə Mərkəzinin Dövlət Avtomobil müfəttişi polis mayoru Kamal Əhmədli deyir ki, mərkəzdə daha bir yenilik nəzarət ölçü cihazların tamamilə təzələnməsidir:
"Nəqliyyat vasitələrinin texniki müayinə zamanı yoxlanılması prosesi üçün yeni avadanlıqlar almışıq. Yeni avadanlıq texniki baxış zamanı sürücüləri ən çox narahat edən məsələni - avtomobilin faralarının düzgün ölçülməsini yoxlayır. Sürücülər tez-tez faralarla bağlı onlara təqdim edilən nasazlıq haqqında məlumatlarla razılaşmırlar. Amma bu cihaz artıq bütün narazılıqlara son qoyacaq nəticə təqdim edir.
Əsas məsələlərdən biri də hüquqi şəxslərə məxsus olan nəqliyyat vasitəsini idarə edən sürücülərin texniki baxışa gələn zaman proseslərin daha da sürətləndirilməsi üçün tətbiq edilən yenilikdir. Əvvəl, əgər nəqliyyat vasitəsinin üzərində ödənilməmiş cərimə var idisə, onu müəyyən etmək lazım idi. Avtomobili kimin idarə etdiyini müəyyənləşdirmək üçün sənədlər toplanılırdı. Çünki əvvəl bu, bizim səlahiyyətimizdə deyildi. Artıq bu səlahiyyətlər bizə verildi. Belə ki, artıq avtomobil texniki baxışa gələn zaman üzərində tətbiq edilən cərimə qərarsızdırsa, sürücü aidiyyəti sənədləri təqdim etdikdən sonra biz cəriməni qərarlı olaraq təsdiq edirik. Sürücü isə bu cəriməni Mərkəzdə olan terminallar vasitəsilə rahat şəkildə ödəyə bilir. Bu, yalnız hüquqi şəxslərə məxsus nəqliyyat vasitələrini idarə edən sürücülərə aiddir. Çünki fiziki şəxslərə yazılan cərimələr dərhal qərarlı olaraq sistemə keçirilir".
Texniki baxış zamanı nəqliyyat vasitəniz aşağıdakı texniki göstəricilərə sahib olmalıdır:
1. Dəm qazı
2. Şinlərin protektoru
3. Avtomobilin konstruksiyasında nəzərdə tutulubsa, brızqoviklər
4. Çatsız şüşələr
5 İşıqların saz vəziyyətdə olması