Azərbaycanda ahıl və tənha vətəndaşlar dələduzluğa məruz qalıblar, faktla bağlı 14 nəfər saxlanılıb.
Pravda.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.
Bildirilib ki, yaxın qohumlarının xəstə, müalicəsinə təcili pul lazım olması adı ilə vətəndaşlara, xüsusən yaşlı nəslin nümayəndələrinə kütləvi zənglərin edilməsi və onların pul vəsaitlərinin ələ keçirilməsi faktları polis əməkdaşları tərəfindən araşdırılıb.
Müəyyən edilib ki, 08-13 iyun 2024-cü il tarixlərində naməlum şəxslər əvvəlcədən müəyyənləşdirdikləri vətəndaşlarla xaricdən ev telefonu vasitəsi ilə əlaqə saxlayıb onların yaxın qohumlarının başına bədbəxt hadisə gəldiyini bildirərək yardım göstərilməsi üçün pul tələb ediblər. Həmin şəxslər əvvəlcədən "Telegram" sosial şəbəkəsindən sifariş etdikləri kuryerlər vasitəsi ilə pul vəsaitlərini zərərçəkənlərdən alaraq kriptovalyuta hesablarına köçürməklə ələ keçiriblər.