Lənkəran rayonunda şirkət rəhbərinə qarşı xuliqanlıq etmiş Təngivan kənd sakini, 1962-ci il təvəllüdlü Əlibala Nemətov (soyad şərtidir) cinayət məsuliyyətinə cəlb edilib. Publika.az-ın məlumatına görə, hadisə kənd ərazisində yerləşən qum-çınqıl yatağında baş verib.
Əlibala Nemətov qum-çınqıl istehsalı müəssisəsinin yaşadığı evə yaxın olmasını, həmin müəssisənin səhər tezdən yüksək siqnalla işə salınmasını, dəfələrlə etdiyi şikayətlərin nəticəsinin olmamasını bildirib. O, səhər saatlarında yaşadığı evdən özü ilə 1 ədəd bir litrlik plastik butulkada benzin götürərək müəssisənin həyətinə gəlib. Burada Əlibala müəssisənin rəhbəri Şaiq Babayevlə dalaşaraq onlardan fəaliyyətlərini dayandırmağı tələb edib. Həmçinin uca səslə söyüş söyüb, əlindəki benzini direktorun üstünə töküb və ona yüngül xəsarətlər yetirib.