ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycanın COP29-a sədrliyinə dair tədbir keçirilib.
Azərbaycan Respublikasının Amerika Birləşmiş Ştatlarındakı Səfirliyi və ABŞ Ticarət Palatasının birgə təşkilatçılığı ilə “COP29: Enhancing Ambition, Enabling Action” (“COP29: Ambisiyaların artırılması, fəaliyyət imkanlarının genişləndirilməsi”) adlı hibrid formatda tədbir baş tutub. Tədbirdə ABŞ-ın dövlət qurumlarının, diplomatik korpus, özəl sektor, xarici və yerli media orqanlarının nümayəndələri və digər maraqlı tərəflər iştirak edib.
Öncə ABŞ Ticarət Palatasının vitse-prezidenti Xuş Çoksi qonaqları salamlayaraq, iştirakçılara tədbirin proqramı barədə məlumat verib.
Ölkəmizin ABŞ-dakı səfiri Xəzər İbrahim öz çıxışında dünyada iqlim dəyişmələri fonunda baş verən hadisələrdən və ölkəmizin COP29-a sədrliyi çərçivəsində görülən işlərdən danışıb. Səfir Azərbaycan və ABŞ Prezidentləri arasında son iki ay ərzində iki məktub mübadiləsinin baş tutmasını vurğulayaraq, ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsində olmasını, məktublarda regional, enerji və təhlükəsizlik məsələlərində əməkdaşlıqla yanaşı, iqlim dəyişikliyi məsələlərində də əməkdaşlığın vacibliyinin vurğulandığını bildirib.
ABŞ Prezidentinin iqlim üzrə xüsusi nümayəndəsinin baş müavini Syu Biniyaz ölkəsinin COP29-a dair məqsədlərindən bəhs edərək, İkiillik Şəffaflıq Hesabatının vaxtında təqdim olunması üçün Azərbaycan tərəfindən sıx iş aparılmasından məmnunluq duyduğunu vurğulayıb.