Avropa İttifaqı və Azərbaycan tərəflər arasında Təhlükəsizlik Dialoqunun beşinci iclasının baş tutması ilə bağlı birgə bəyanat yayıb.
Bu gün yayılan birgə bəyanatda qeyd olunub ki, iyunun 13-də Brüsseldə Aİ-Azərbaycan Təhlükəsizlik Dialoqunun beşinci iclası keçirilib.
İclas çərçivəsində iştirakçılar Aİ ilə Azərbaycan arasında ikitərəfli münasibətlərin vəziyyəti, eləcə də qarşılıqlı maraq doğuran aktual xarici və təhlükəsizlik siyasəti məsələləri ətrafında açıq və səmimi fikir mübadiləsi aparıblar.
"İştirakçılar Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşması prosesinə, eləcə də daha geniş regional təhlükəsizlik məsələlərinə də toxunublar. Bu kontekstdə regional sabitliyin və davamlı əlaqənin gücləndirilməsinin vacibliyi qeyd edilib. Azərbaycan tərəfi Ermənistan və Azərbaycan arasında dialoqun ikitərəfli xarakterini vurğulayıb. Aİ regionda yaşayan bütün xalqların rifahı naminə təhlükəsiz, sabit, dinc və firavan Cənubi Qafqaz üçün sülh prosesinə davamlı dəstəyini vurğulayıb.
Azərbaycanın etibarlı və mühüm enerji tərəfdaşı kimi rolu və Orta Dəhlizin gələcək inkişafında əhəmiyyəti də qeyd olunub”.
Bundan başqa, Aİ-nin Azərbaycanda humanitar minatəmizləmə və mina qurbanlarına yardımla bağlı göstərdiyi dəstək yüksək qiymətləndirilib.