Azərbaycanda məşhur Kəngərlilər nəslinə məxsus evlərdən birindən yenidən oğurluq hadisəsi olub. Altı il əvvəl 1 milyon 200 min manatlıq oğurluğa məruz qaldığını deyən ailənin, bu dəfə 20 minə yaxın pulu oğurlanıb. "Qafqazinfo” xəbər verir ki, oğurluq Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin beynəlxalq əlaqələr və tərbiyə işləri üzrə prorektoru Gülşən Əliyeva - Kəngərlinin evindən edilib.
G.Əliyevanın Sabunçu rayonu Pirşağı qəsəbəsində yerləşən villasında işləyən tibb bacısı, 1988-ci il təvəllüdlü G.Təhməzovanın evdəki çantadan 19 300 manat oğurladığı məlum olub. Belə ki, G.Əliyevanın anası, AMEA-nın Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini Aybəniz Əliyevanın baxıcısı işləyən G.Təhməzova barəsində Cinayət Məcəlləsinin 177.2.4-cü (Xeyli miqdarda oğurluq) maddəsi ilə iş açılıb. İş baxılması üçün Sabunçu Rayon Məhkəməsinə göndərilib və iyunun 14-də hökm oxunub.
Məhkəmə iclasında G.Təhməzova törətdiyi əməli etiraf edib və oğurladığı pulları geri qaytardığını deyib: "2022-ci ilin sentyabr ayından Gülşən xanımın Pirşağıdakı 4 mərtəbəli bağ evində həm xadimə, həm də tibb bacısı kimi işləmişəm, insult keçirmiş anası Aybəniz xanıma baxmışam.
Məndən başqa, evdə daha iki xanım da tibb bacısı kimi işləyərək Aybəniz xanıma nəzarət edirdi. 5 sentyabr 2023-cü ildə evdə Aybəniz xanımla tək olduğum vaxt dolabda əl çantasından 19 300 manat götürdüm. Mənə az əməkhaqqı verilməsi səbəbindən aqressiv olmuşam, bu səbəbdən də həmin pulları çantadan götürmüşəm”.